Accessibility links

Güneyli siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb 


Rza Vasiqi

Ərdəbil Həbsxanasında saxlanılan siyasi məhbus Rza Vasiqi bir həftəlik məzuniyyətə buraxılıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Ərdəbil sakini olan və 2 illik həbs cəzasını bu şəhərin həbsxanasında keçirməkdə olan milli fəal Rza Vasiqi dekabr ayının 17-də girov müqabilində bir həftəlik məzuniyyətə buraxılıb.

Rza Vasiqi keçən il noyabrın 4-də Ərdəbil Məhkəməsinin İcra Bölməsinə getdiyi zaman tutularaq Ərdəbil Həbsxanasına köçürülmüşdü.

O, qardaşı Əli Vasiqi ilə birlikdə keçən ilin iyun ayının 10-da iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyülərək saxlanılmışdılar.

Onlar, təxminən bir həftə Kəşfiyyat idarəsinin təcridxanasında dindirildikdən sonra 110 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Vasiqi qardaşları müvəqqəti azadlıqda olduğu zaman onların bədənlərində göyərmə izlərini göstərən fotolar yayılmışdı. Milli fəalların təcridxanada təhlükəsizlik qüvvələri tərəfindən dindirilirkən döyüldüyü və işgəncə gördüyü ortaya çıxmışdı.

Sosial şəbəkələrdə və İran Azərbaycanının xəbərlərini əks etdirən saytlarda yayımlanan bu fotolar milli fəalların təpkisinə səbəb olmuşdu.

Vasiqi qardaşları “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" və "vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq" ittihamlarında günahkar tanınaraq, hər biri 2 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG