Accessibility links

Gürcüstanın baş naziri Əfqan Muxtarlının oğurlanması işi üzrə istintaqın yekunlaşmasını gözləyir


Gürcüstanın baş naziri Mamuka Baxtadze Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycan hakimiyyətinə təhvil verilməsi ilə bağlı vəziyyəti şərh edib.

Bu mövzuda sual ona aprelin 10-da Strasburqda AŞPA sessiyasında çıxışı zamanı verilib. Sualı AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak (Stefan Schennach)verib. O, hakimiyyətin bu oğurluqda iştirak edən şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün nə etdiyini soruşub.

"Əfqan Muxtarlının işi çox həssasdır. Biz, əlbəttə ki, azərbaycanlı həmkarlarımızla əlaqə saxlayırıq və işimizi əlaqələndiririk. İstintaq davam edir və mən istintaq yekunlaşdıqda öz qiymətimi verə biləcəyəm", deyə Baxtadze bildirib.

Ştefan Şennak Twitter hesabında yazıb ki, Baxtadzenin cavabı onu qane etməyib. "Gürcüstan hakimiyyəti bu işə görə məsuliyyət daşıyır, onlar bu insan hüquqları pozuntusuna məhəl qoymadıqlarını dərk etmək istəmirlər", deyə Şennak qeyd edib.

Əfqan Muxtarlı 2017-ci ilin mayında həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işğəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Prokurorluq jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Əfqan Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlının apellyasiya və kasassiya şikayətləri təmin edilməyib. Jurnalist Azərbaycan məhkəmələrinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

XS
SM
MD
LG