Accessibility links

Gürcüstanın Batumi şəhərində yaşayış binası çöküb


Oktyabrın 8-də Gürcüstanın Qara Dəniz sahilindəki Batumi şəhərində bir yaşayış binasının bir hissəsi çöküb. Dağıntıların altında qalan insanların dəqiq sayı bilinmir.

Dağıntılar altında qalan bir şəxs xilasetmə xidmətinin işçiləri ilə telefonla danışaraq ayağının sındığını ehtimal etdiyini deyib. Həmin şəxsin dağıntılar altından "Nəfəs ala bilirəm" deyə qışqırması da eşidilib.

Bina yaxınlığındakı avtomobillər binanın dağıntıları ilə örtülüb. Avtomobillərdən birində bir qadın və uşaq tapılıb və yüngül xəsarətlə xəstəxanaya göndərilib. Əvvəlki məlumatlarda dağıntılarla örtülmüş avtomobildə iki uşağın olduğu bildirilirdi.

Binanın bütün sakinlər təxliyə edilib. Xilasedicilərin ərazini tərk etmək tələbinə baxmayaraq, yüzlərlə insan ərazidə toplaşıb.

Bəziləri ailə üzvlərinin faciədən əvvəl binada olduğunu bildirir. Yeddi mərtəbəli binanın uçmuş hissəsində ümumilikdə 12 mənzil olub. Binanın çökməsinə nəyin səbəb olduğu hələlik məlum deyil.

Bəzi şahidlər çökmənin partlayışdan sonra baş verdiyini deyir. Bəzi yerli sakinlər isə çökməyə səbəb kimi binanın ikinci mərtəbəsində davam edən təmir işlərinin səbəb ola biləcəyini bildirir.

XS
SM
MD
LG