Accessibility links

Gürcüstan ölkə üzərindən Ermənistana silah çatdırılması haqda iddiaları rədd edir


Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan KİV-ləri tərəfindən Gürcüstan ərazisindən Ermənistana silah tədarükü üçün istifadə edilməsi barədə yaydığı məlumatları dezinformasiya adlandırıb. Rəsmi Tbilisi hesab edir ki, hazırki vəziyyətdə həqiqətə uyğun olmayan məlumatların yayılması iki tərəfdaş ölkə arasındakı münasibətlərdə "süni şəkildə problem yaratmağa" yönəldilib.

“Bir çox qeyri-dəqiqliyi özündə əks etdirən dezinformativ məlumatlar yayılıb. Təəssüf ki, Azərbaycanın ciddi görünən internet xəbər agentliyi həqiqətləri obyektiv təsvir etmir, ictimaiyyəti çaşdırır və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı və dostluğuna kölgə salmağa çalışır," Gürcüstan Xarici İşlər Nazirliyinin 20 iyul tarixli açıqlamasında bildirilib.

Daha öncə, iyulun 19-da öz "hərbi mənbələrinə" istinadən, Azərbaycan xəbər agentliyi baş məqaləsində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında döyüşlərin başlamasından əvvəl, iyulun 12-də Rusiyadan Gürcüstan ərazisi ilə "Qrad" qurğuları üçün lançerlərin, eləcə də Serbiyadan çaplı minaatan döyüş sursatlarının daşındığı barədə yazıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq, Azərbaycanın internet xəbər agentliyi Haqqin.az, iyulun 21-də Gürcüstan ərazisi ilə Ermənistana Rusiya silahlarının tədarükü ilə bağlı yaydığı açıqlamalarının guya təsdiqi olaraq, KamAZ yük maşınlarının fotolarını yayıb.

Serbiya minaatan silahlarına gəlincə, agentliyin məlumatına görə, onlar Serbiyadan Gürcüstana hava yolu ilə gətirilib. Üstəlik, Vaşinqtonun sanksiyaları və "Magnitsky Aktı"nın məhdudlaşdırılması altında olan tanınmış cinayətkar silah satıcısı Slobodan Tesiç vasitəsilə.

“Təəssüf ki, obyektiv səbəblərə görə haqqin.az. Gürcüstandan Ermənistana daşınan minaatan mərmilər haqda daha ətraflı məlumatı açıqlaya bilmir. Yalnız Gürcüstan hökumətinin ABŞ Konqresinin sanksiyaları altında olan şəxslər tərəfindən Ermənistan üçün nəzərdə tutulmuş silah tədarükünə icazə verdiyini bildirə bilərik," agentlik yazıb.

Avropa Universitetindən Qiorqi Mçedlişvili Gürcüstanın Ermənistan üçün hərbi yük keçirəcəyinə şübhə edir. Onun sözlərinə görə, bununla bağlı "aydın razılıq" mövcuddur.

Lakin ekspertin sözlərinə görə, daha əvvəl müəyyən müddət Rusiya hərbi texnikası Ermənistanın Gümrüdəki 102-ci bazasını təchiz etmək üçün Gürcüstandan ərazisindən keçib.

Politoloqun fikrincə, hətta Azərbaycan və Ermənistan arasındakı münaqişədə dolayı yolla iştirak da Gürcüstanın maraqlarına cavab vermir.

“Təbii ki, beynəlxalq hüquq səviyyəsində Tbilisi birmənalı şəkildə Bakının tərəfindədir və bu, BMT Baş Assambleyasının məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qətnaməsi üzrə səsvermə zamanı iki ölkənin bir-birinə daimi dəstəyində ifadə olunur. Lakin bu gün Gürcüstan münaqişəyə hətta vasitəçi kimi müdaxilə etmək üçün çox həssasdır” - deyə, ekspert bildirib

Təhlükəsizlik məsələləri üzrə ekspert və Gürcüstan Təhlükəsizlik Şurası rəhbərinin keçmiş müavini Teona Akubardia qeyd edib ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məqaləyə reaksiya verməsi və onu dezinformasiya adlandırmasına baxmayaraq, rəsmi Bakı hələ də Azərbaycan portalının yazdığı xəbər barədə məlumatı şərh etməyib.

Akubardia hesab edir ki, Gürcüstanın Azərbaycanla münasibətlərini pozulmasında ilk növbədə Rusiya maraqlıdır.

“Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Bir sıra enerji və digər irimiqyaslı layihələrdə əməkdaşlıq edirik. Gürcüstan regionda sabitliyi qorumağa çalışan qonşu ölkədir. İki dövlət arasındakı ixtilaf ən çox Rusiyaya əl verir, xüsusən Gürcüstanın tranzit ölkə kimi mühüm bir funksiyaya sahib olduğu Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) yaxın vaxtlarda işə salınması fonunda. Beləliklə, bu cür yanlış təxribatçı məlumatların yayılması çox güman ki, Moskvanın işidir," Teona Akubardia Amerikanın Səsinə şərhində qeyd edib.

XS
SM
MD
LG