Accessibility links

'Gürcüstan demokratiyasının Azərbaycana da müsbət təsiri olacaq'


Seçicilər prezident seçkisində səs verir. 28 oktaybr, 2018. Tbilisi, Gürcüstan.
Seçicilər prezident seçkisində səs verir. 28 oktaybr, 2018. Tbilisi, Gürcüstan.

ATƏT-in hesabatına görə, seçki rəqabət şəraitində keçib və peşəkar təşkil olunub, namizədlər azad şəkildə seçki kampaniyası aparıblar, seçicilər öz iradələri əsasında səs veriblər. ATƏT seçki dövründə inzibati resursların epizodik şəkildə istifadə edilməsinin şahidi olduğunu bildirir.

Seçkinin birinci turunda Fransada doğulmuş keçmiş xarici işlər naziri Salome Zurabişvili cüzi fərqlə irəlidə olub, amma yetərincə səs toplaya bilmədiyi üçün ikinci turun keçirilməsinə qərar verilib. Zurabişvili səslərin 38,6 faizini toplayıb. Onu hakimiyyətdəki “Gürcü Arzusu” partiyası dəstəkləyir. Bu partiyanın arxasında, milyarder oliqarx Bidzina Ivanişvili dayanır.

Griqol Vaşadze, Gürcüstanın sabiq xarici işlər naziri və prezidentliyə namizəd. 28 oktyabr, 2018. Tbilisi, Gürcüstan
Griqol Vaşadze, Gürcüstanın sabiq xarici işlər naziri və prezidentliyə namizəd. 28 oktyabr, 2018. Tbilisi, Gürcüstan

Zurabişvili-nin əsas rəqibi və keçmiş prezident Mixail Saakaşvilinin namizədi kimi tanınan Griqol Vaşadze bu seçkidə 37,7 faiz səs toplayıb. Yəni, onların aralarında səs fərqi bir faizdən də azdır. İndi filan vaxta nəzərdə tutulan ikinci tur Zurabişvili ilə Vaşadze arasında keçiriləcək.

Griqol Vaşadze isə hakim partiyaya qarşı antikorrupsiya çıxışları ilə fərqlənir və kampaniya dövründə, yoxsulluğa qarşı mübarizə çağırışları ilə yadda qalıb.

Tbilisidə, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Kaxa Goqolaşvili deyir ki, bu iki namizədin siyasi ideologiyaları arasında kəskin fərq yoxdur. Belə ki, onların hər ikisi qərbyönümlüdür, Avropaya inteqrasiyanın və Rusiya ilə hərbi konfliktin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Amma önəmli məqam odur ki, bu namizədləri kimlər dəstəkləyir və mübarizə əslində hansı siyasi qüvvələr arasında gedir:

“Müxalifdə olan Birləşmiş Milli Hərəkat Rusiyaya qarşı münasibətləri sərtləşdirməyin tərəfdarıdır. O ki, qaldı iqtisadiyata, Milli Hərəkat daha neoliberaldır, bizneslərə daha çox güzəştin verilməsinin, vergiləri azaltmağın tərəfdarıdır. Amma bunlar kampaniya vaxtı deyilənlərdir, təcrübədə həyata keçirilib-keçirilməyəcəyini demək olduqca çətindir. Çünki burda başqa obyektiv amillər də rol oynayır”.

Kaxa Goqolaşvili deyir ki, əgər Saakaşvili-yə yaxın namizəd Vaşadze hakimiyyətə gələrsə, o zaman ölkə boyu siyasi qisasların baş verəcəyini gözləmək olar. Onun sözlərinə görə, bu halda, hakimiyyətdəki çoxlu sayda adam korrupsiya, rüşvət ittihamı ilə həbs olunacaq. Hərçənd, Saakaşvili tərəfdarları bunu etməyəcəklərini bəyan ediblər.

Salome Zurabişvili, Gürcestanın sabiq xarici işlər naziri və prezidentliyə namizəd seçki məntəqəsində jurnalistlərin suallarını cavablandırır. 28 oktyabr, 2018. Tbilisi, Gürcüstan.
Salome Zurabişvili, Gürcestanın sabiq xarici işlər naziri və prezidentliyə namizəd seçki məntəqəsində jurnalistlərin suallarını cavablandırır. 28 oktyabr, 2018. Tbilisi, Gürcüstan.

Azərbaycana da təsiri olacaq

Gürcüstanda idarə üsulu Azərbaycandan fərqlidir - burda prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə azdır. Bununla belə hakimiyyətin namizədinin 1-ci turda qalib gələ bilməməsini, bəzi təhlilçilər artıq müxalifətin qələbəsi kimi görürlər. Belə ki, 2020-ci ildə ölkənin siyasi həyatında daha mühüm rola malik parlamentə seçki gözlənir. Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Kaxa Goqolaşvili deyir ki, indiki prezident seçkisini müxalifət udarsa, bu, onlara gələcəkdə hakimiyyətə gəlmək üçün imkan açacaq.

“Bu zaman onların parlamentdə daha çox yer götürmək, baş nazir postunu götürmək şansları yaranır. Amma bu partiyaların heç biri parlamentdə mütləq çoxluğa sahib ola bilməyəcək, onlar başqa partiyalarla birlikdə koalisiya yaratmalı olacaqlar. Bu isə Gürcüstanda demokratiyanın inkişafı üçün çox müsbət haldır”.

Təhlilçi deyir ki, bu seçki ümumiyyətlə, Gürcüstanda demokratiyanın inkişafıdır, gürcülərin mentalitetinin dəyişməsinin göstəricisidir.
Bakıda, müxalif ReAl hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, Gürcüstanda demokratik inkişaf bütövlükdə region üçün müsbət nümunə olacaq və Azərbaycanda demokratiyaya dolayısı yolla da olsa, müsbət impuls verəcək.

Azərbaycan Gürcüstanda ən böyük investorlardan biridir. Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan qapıdır.
Natiq Cəfərli

Onun sözlərinə görə, bununla belə Gürcüstanda hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, iki ölkənin strateji əməkdaşlığı davam edəcək.

“Azərbaycan Gürcüstanda ən böyük investorlardan biridir. Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan qapıdır”.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Gürcüstanda, seçkinin 1-ci turunun yekun nəticələri 20 gün ərzində dərc olunacaq, ikinci tur ondan sonrakı iki həftə ərzində keçiriləcək.

(c) AzadlıqRadiosu

XS
SM
MD
LG