Accessibility links

Gürcüstan jurnalistə qarşı sui-qəsd planının qarşısını alıb


Gürcüstanın təhlükəsizlik xidmətləri yerli televiziyanın müdirinin iddialarına görə Çeçenistan lideri Ramzan Kadırovun sifarişi ilə televiziya jurnalisti Giorgi Qabuniyaya hazırlanan sui-qəsdin qarşısını ala bilib.

Gürcüstanın terrorizmlə mübarizə təşkilatının rəsmiləri Rusiya vətəndaşı Vasambek Bokovu iyunun 12-də Tbilisidə "müqavilə ilə qətlə hazırlıq" araşdırması çərçivəsində həbs edib. Rusiyanın narahatlıqların yaşandığı Şimali Qafqaz regionunun İnquşetiya Respublikasından olan Bokov saxta sənədlərdən istifadə ittihamı ilə həbs olunub.

Qabuniyanın işlədiyi Mtavari televiziyasının direktoru Nika Qvaramiya bazar ertəsi Tiflisdə keçirdiyi mətbuat konfransında Kadırovun keçən il başqa bir yayım şirkətində işləyərkən Qabuniyanın Rusiya prezidenti Vladimir Putin haqqındakı şərhlərinə görə öldürülməsini əmr etdiyini iddia edib.

O zaman Kadırov Rustavi-2 kanalında "Postskript" verilişinin canlı yayımı zamanı jurnalistin Putin haqqında nalayiq ifadələrdən istifadə etməsindən sonra Qabuniyanı "cəzalandıracağını" demişdi.

Həmin hadisədən sonra Rustavi-2 kanalı Qabuniyanı iki ay müddətinə işindən kənarlaşdırmışdı.

Kadırov ittihamı rədd edib. "İnanın, əgər kimsə mənim əmrimlə hərəkət edirsə, onu mütləq həyata keçirəcək" deyə, rus dilində yazdığı Telegram postunda yazıb.

Gürcüstanın baş naziri Giorgi Qaxariya çərşənbə axşamı təhlükəsizlik xidmətinin çox ağır bir cinayətin üstünü açdığını təsdiqləyib, lakin Ramzan Kadırova qarşı iddialara toxunmayıb.

Qabuniyanın dediyinə görə, ona qarşı hazırlanan sui-qəsdən xəbəri olmayıb. O, təqib olunduğunu bildiyini və Kadırovun keçən il onu açıq şəkildə təhdid etməsindən sonra Mtavari televiziya şirkətinin onun üçün cangüdən işə götürdüyünü deyib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti həbslə bağlı verdiyi açıqlamasında nə jurnalist, nə də iddia olunan sui-qəsd planı haqqında məlumat verməyib.

Şərhlərə bax

XS
SM
MD
LG