Accessibility links

Gürcüstan prezidenti etirazçıların lideri ilə görüşüb


Bu gün Gürcüstan prezidenti Qiorgi Margvelaşvili etirazçıların lideri Zaza Saralidze ilə görüşüb.

Bir gün öncə baş prokurorun istefasından sonra minlərlə adam Tbilisinin mərkəzindəki köhnə parlament binasının qarşısına toplaşıb, hökumətin istefasını tələb edib.

2012-ci ildə Gürcüstan parlamenti Tbilisidən 240 kilometr şimal-qərbdə yerləşən Kutasi şəhərinə köçüb.

Margvelaşvili Saralidze ilə ötən gecə etirazçıların bu binanın qarşısında qurduğu çadırlardan birində görüşüb, ona başsağlığı vermək istədiyini deyib. Saralidze prezidentdən başqa heç kəslə görüşmək istəmədiyini deyib.

Etirazçılar gecəni çadırlarda keçirib. Polis duruma nəzarət edib.

Bu gün yerli vaxtla saat 4-də yeni etiraz baş qaldırıb.

Gürcüstanın baş prokuroru Irakli Şotadze minlərlə adamın Tbilisidə etiraz aksiyasından dolayı istefa verməli olub. Etirazçılar ötən dekabrda iki yeniyetmənin dalaşma zamanı bıçaqlanıb öldürülməsi işinə siyasi təsir göstərildiyini deyirlər.

Bu məhkəmədə iki yeniyetmə mühakimə olunur. Tbilisi məhkəməsi yeniyetmələrdən birinin ölümünə görə müqəssirin tapılmadığını bildirincə, mayın 31-də axşam etirazlar başlanıb. Məhkəmə dalaşmada iştirak edənlərin birinə ittihamları yüngülləşdirib. Onun atası isə vaxtilə baş prokurorluqda çalışıb.

XS
SM
MD
LG