Accessibility links

Gürcüstan və Avropa İtifaqı Azərbaycan və Ermənistan arasında son humanitar addımları alqışlayır


Mina təmizlənməsi
Mina təmizlənməsi

Gürcüstan hökuməti və Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında mina xəritələri və saxlanılan şəxslərin qaytarılması ilə bağlı atılan addımları etimadın artırılması kimi qiymətləndirir, hər iki tərəfi humanitar addımları davam etdirməyə çağırır.

“Gürcüstan Azərbaycan və Ermənistan arasında özünün sülhməramlı funksiyasını və rolunu yerinə yetirib.”

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın cavab addımları böyük nailiyyət və ciddi işin nəticəsidir.

XİN başçısı bu gün baş tutmuş prosesin irəliləyiş olduğunu bildirib.

“Bu proses bu gün və ya ötən günün işi deyil. Son iki-üç ayda biz əsas strateji tərəfdaşımızla fəal iş apardıq və nəticə əldə olundu. Şadam ki, bu gün belə nəticəmiz var və mən ilk növbədə, qonşularımız - strateji tərəfdaşımız Azərbaycana və tərəfdaşımız Ermənistana xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

Zalkaliani qeyd edib ki, bölgədə dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır.

“Çünki yalnız bu halda regionun inkişaf perspektivi var. Hesab edirəm ki, bugünkü addım irəliyə atılmış ən mühüm addımlardan biridir və gələcəkdə nəticələrini biz mütləq görəcəyik. Biz buna hazırıq və bu prosesi əsas strateji tərəfdaşımızla mütləq inkişaf etdirəcəyik,” o qeyd edib.

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isə Facebook hesabında yazıb ki, Azərbaycan və Ermənistanın paralel humanitar jestləri – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayır.

“Bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır. Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək,” o qeyd edib.

İyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat yayıb.

“Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan Hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik,” Xarici İşlər Nazirliyi qeyd edir.

Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, yüzdən çox insan yaralanıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG