Accessibility links

Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək olaraq aclıq aksiyası keçirdiyini açıqlayıb


Gürcüstan parlamentinin müxalif Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı sabiq prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyası elan edib. Onlar onun mülki xəstəxanaya köçürülməsini tələb edirlər. Bunu partiyanın liderlərindən biri olan David Kirkitadze bildirib.

“Gürcüstanın üçüncü prezidenti 45 gündür aclıq aksiyası keçirir, ona lazımi tibbi xidmət göstərilmir, həmkarımız Yelena Xoştariya da aclıq aksiyası keçirir, ona görə də biz, doqquz parlament üzvü aclıq aksiyası keçirmək qərarına gəldik. Yeganə tələb Mixail Saakaşvilinin çoxfunksiyalı klinikaya köçürülməsidir” - deyə, “Exo Kavkaza” Kirkitadzeyə istinadən məlumat verib.

Aclıq aksiyasında David Kirkitadzenin özündən başqa Akaki Minaşvili, Temur Canaşia, Baçuki Kardava, Nika Maçutadze, Giorgi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili və Abdulla İsmayılov da iştirak edir. Kirkitadzenin adını çəkdiyi Droa partiyasının lideri Yelena Xoştariya noyabrın 3-dən Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyası keçirir.

Mixeil Saakaşvilinin özü 2021-ci il oktyabrın 1-dən Rustavi şəhərinin koloniyasındadır və həmin gündən aclıq aksiyasına başlayıb. Noyabrın 8-də o, həbsxana xəstəxanasına köçürülüb. Gürcüstanın eks-prezidentinin müdafiəsinin apellyasiya şikayəti verdiyi Avropa İnsan Haqları Məhkəməsi onu aclıq aksiyasını dayandırmağa çağırıb və siyasətçinin özəl klinikaya köçürülməsi tələbini dəstəkləməyib.

Noyabrın 13-də siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze bildirib ki, Saakaşvili o qədər zəifləyib ki, yataqdan qalxa bilmir. Saakaşvilinin yaxın tanışı və Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko həmin gün siyasətçinin saxlandığı Qldani həbsxanasına reanimasiya avtomobilinin gəldiyi barədə məlumat verib.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti reanimasiya maşını ilə bağlı məlumatı təsdiqləməyib və Saakaşvilinin vəziyyətinin stabil olduğunu bildirib.

Noyabrın 13-də Gürcüstanın paytaxtı Tbilisidə həbs edilən siyasətçinin tərəfdarları parlament binası yaxınlığında ona dəstək aksiyası keçiriblər. Onlar aclıq aksiyası keçirən deputatlar kimi Saakaşvilinin mülki klinikaya köçürülməsini tələb ediblər.

XS
SM
MD
LG