Gürcüstanda banklara və digər maliyyə orqanlarına borcu olan 600 minədək adam "maliyyə amnistiyasına" düşəcək. Yəni onların borcları tamamilə silinəcək.
Azadlıq Radiosu gürcü xidmətinin məlumatına görə, bunu noyabrın 19-da ölkənin baş naziri Mamuka Bxtadze canlı yayımla yayılan brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu borcların ümumi məbləği təxminən 565 milyon dollardır və həmin adamların 150 minə yaxını sosial cəhətdən müdafiəsizdir.
Dekabrın 15-dən başlanacaq proses ayın sonunda başa çatmalıdır.
Müxalifətdən olan prezidentliyə namizəd Qriqol Vaşadze də bu ərəfədə belə bir təşəbbüslə çıxış edib.
O bildirib ki, kreditini ödəməyə gücü çatmayan vətəndaşların borcu hökumət tərəfindən alınmalıdır.
Vaşadze bu insanları borcdan qurtarmaq üçün parlamenti iqtisadi amnistiya elan etməyə, Mərkəzi bankı isə ipoteka kreditlərinin faizini yarıbayarı azaltmağa çağırmışdı.
Qeyd edək ki, bu addım Gürcüstanda qarşıdan gələn prezident seçkisi ərəfəsində atılır.
Noyabrın 28-də keçiriləcək seçkinin ikinci mərhələsində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat Partiyası”nın üzvü, Qriqol Vaşadze mübarizə aparacaq.