Accessibility links

Gürcüstanda LGBTQ icmasına hücum minlərlə insanın etirazına səbəb olub


Gürcüstanın paytaxtında minlərlə insan LGBTQ icmasına qarşı zorakılıqlara etiraz olaraq mitinq keçirib. Ötən günlərdə LGBTQ icmasına hücum ictimaiyyəti şoka salıb və ölkədəki xarici ölkə səfirliklərinin qınağına səbəb olub.

LGBTQ fəalları iyulun 5-də Tbilisidə aktivistlərə və jurnalistlərə hücumu və Gürcüstan hökuməti ilə Pravoslav Kilsəsinin parada qarşı çıxmasından sonra Qürur Yürüşünü dayandırmağa məcbur olub.

Azadlıq Radiosunun iki müxbiri də daxil olmaqla, azı 50 jurnalist müxtəlif yerlərdə kütlənin hücumuna məruz qalıb

İyulun 6-da minlərlə insan zorakılıqları pisləmək və yaralanan jurnalistlərə dəstək göstərmək üçün parlament qarşısında səssiz aksiya təşkil edib.

Çoxları əllərində Aİ-nın göy rəngli bayrağı, eləcə də göy qurşağı rəngindəki bayraqları yelləyib.

Yerli medianın məlumatına əsasən, LGBTQ icmasına qarşı çıxanlar mitinqə müdaxilə etməyə çalışsa da, polis kordon quraraq onları əraziyə buraxmayıb.

Səssiz nümayiş bitdikdən sonra əraziyə doluşan opponentlər parlamentin qarşısında asılmış Aİ-nın bayrağını yerə atıblar.

Gürcüstan hələ ki, Aİ-nın tamhüquqlu üzvü deyil, lakin bloka qoşulmağa can atır.

ABŞ və Aİ-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri, habelə 16 ölkənin səfirlikləri Gürcüstan hökumətini insanların dinc toplaşmaq hüququnu qorumağa çağırıb.

"Bu gün vətəndaş fəallarına, icma üzvlərinə və jurnalistlərə edilən şiddətli hücumlar, habelə hökumət liderlərinin və din xadimlərinin bu şiddəti qınamamasını qınayırıq. Dinc toplantılarda iştirak Gürcüstanın konstitusiyası ilə zəmanət verilən bir insan haqqıdır... Şiddət sadəcə qəbuledilməzdir və bağışlanmazdır" - deyə, bəyanatda bildirilir.

NATO da hadisələrə reaksiya verərək zorakılıqların ittifaqın "norma və dəyərlərinə" zidd olduğunu bəyan edib.

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay bildirib ki, "uzun illərdir ki, Gürcüstanın islahatlarını və Avroatlantik bloka inteqrasiyaya doğru irəliləməsini dəstəkləmək üçün çalışmışam. Bu hadisələrdən çox məyus və Gürcüstannın geriləməsinə şahid oldum".

Şərhlərə bax

XS
SM
MD
LG