28 oktyabrda Gürcüstanda yeni dövlət başçısı seçiləcək. Bu, ölkədə ümümxalq səsverməsi nəticəsində seçiləcək son prezident seçkiləri olacaq. Konstitusiyaya edilən son düzəlişə əsasən bundan sonra dövlət başçısını parlament seçici kolleqiyası seçəcək. Gürcüstanda prezident institutu çox az səlahiyyətlərə malikdir. Lakin buna baxmayaraq, prezidentlik uğrunda yarışlarda 20 namizəd iştirak edir.
Prezidentlik uğrunda əsas 3 namizəd mübarizə aparır.
1. Qriqol Vaşadze
Reytinqlərə əsasən, "Güc birlikdədir” koaliksiyasından namizədi, sabiq hakim “Vahid Milli Hərəkat” partiyasının üzvü və məşhur balet ustası Nino Ananiaşvilinin həyat yoldaşı Qriqol Vaşadze irəlidədir.
Təcrübəli diplomat olan Vaşadze hələ Sovet İttifaqı dövründə Xarici İşlər Nazirliyində işləyib, Mixail Saakaşvilinin hakimiyyəti dövründə isə Gürcüstanın xarici işlər nazir olub.
Prezidentliyə namizəd oliqarx idarəçilik sistemini aradan qaldırmaq və Saakaşvili dövründə vəzifə tutub, hazırkı hökumət tərəfindən məhkum edilmiş yüzlərlə məhbusun işinə yenidən baxılmasını vəd edir.
"Biz heç kimə güzəştə getməyəcəyik və özünü Gürcüstan höküməti adlandıran bu oğru yığıncağına Gürcüstan xalqının seçimini əlindən almasına imkan verməyəcəyik. Mən etnik və dini mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın bütün vətəndaşlarını nəzərdə tuturam. Bu qələbə olmadan biz normal inkişaf yoluna keçmək, daha doğrusu qayıda bilməyəcəyik”-deyə, Vaşadze bildirib.
2.Salome Zurabişvili
Vaşadzenin əsas rəqibi – müstəqil namizəd Salome Zurabişvilidir. Salome heç bir partiyaya mənsub olmasa da, onun arxasında dövlətin nəhəng resursları dayanır. İqtidarda olan “Gürcüstan arzusu” partiyası rəsmiən ona dəstək verir.
Zurabişvili də həmçinin diplomatdır, lakin Fransa məktəbinə mənsubdur. Gürcü siyasi miqrantların qızı olan Salome Fransada doğulub və orada böyüyüb. O, Fransa Xarici İşlər Nazirliyində işləyib, sonra isə Saakaşvilinin dəvəti ilə tarixi vətənində xarici işlər naziri təyin edilib, lakin tezliklə müxalifət tərəfə keçib.
Opponentləri Zurabişvilini populizmdə və hətta dövlət maraqlarına xəyanətdə ittiham edir. Seçki kampaniyası zamanı prezidentliyə namizəd ölkənin keçmiş hakimiyyətini Rusiyanın təxribatlarına uyaraq, avqust müharibəsinin başlamasına imkan verməkdə ittiham edib. Zurabişvili öz ünvanına tənqidləri "hücum" adlandırır və qalib gəldiyi təqdirdə "həqiqi Avropa prezidenti" olacağına söz verib.
"Mənim Avropa təcrübəm, tərbiyəm və başqa cəmiyyətdə böyüməyim, mənim diplomatik təcrübəm və demək olar bütün beynəlxalq təşkilatlarda iş təcrübəm mənə Avropa və Amerika tərəfdaşlarımızla onların dilində və eyni mövqedən danışıqlar aparmaq imkanı verir. Mən inanıram ki, bu xüsusiyyətlər məni rəqibsiz edir.”, deyə Salome Zurabişvili inamlı bəyanat edib.
3. David Bakradze
Prezident seçki yarışının daha bir favoriti “Avropa Gürcüstanı” partiyasından David Bakradzedir. Partiyanın özəyi “Vahid Milli Hərəkat” partiyasının sabiq üzvlərindən ibarətdir.
Bakradze Saakaşvilinin ikinci dönəm hakimiyyəti dövründə parlamentin sədri vəzifəsində çalışıb.
Qələbə qazandığı təqdirdə Bakradze prezidentin təhsil proqramlarının maliyyələşdirilməsini artırmaq, xaricdə yaşayan Gürcüstan vətəndaşlarını işlə təmin etmək, eləcə də ölkədə siyasi gərginliyi azaltmaq və xarici investisiyaların cəlb edilməsinə söz verir.
Bakradze həmçinin "intiqam və repressiyasız azad gələcək" qurmağı vəd edib.
"Gürcüstanın birliyə ehtiyacı var. Prezident məhz cəmiyyəti birləşdirmə prosesində mühüm rol oynayan fiqur olmalıdır. Bunun üçün cəmi iki element lazımdır: bir sıra məhkəmə işlərinə yenidən baxılması və bağlanması da nəzərdə tutularaq, keçmişi birdəfəlik qapatmaq və gələcəkdə bizdə siyasi əlamətlərinə görə təqib edilən və siyasi məhbusların olmayacağını elan etmək”-deyə, siyasətçi bildirib.
Ölkədə əsas vəzifə uğrunda 25 namizəd mübarizə aparır. Andiçmə günü qüvvəyə minən yeni Konstitusiyaya əsasən, prezidentin idarəetmə dövrü daha bir il uzadılıb. Buna görə də yeni prezident ölkəni 6 il müddətinə idarə edəcək. 2024-cü ildə isə dövlət başçısını artıq seçicilər kollegiyası seçəcək. Kollegiya deputat və bələdiyyə işçiləri daxil olmaqla, 300 nəfərdən ibarət olacaq. Prezident demək olar ki, demək olar ki, bütün icra funksiyalarından məhrum olacaq, lakin ali baş komandan və ölkəni beynəlxalq səhnədə təmsil edəcək əsas nümayəndəsi olaraq qalacaq.