Accessibility links

Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısının əmlakının müsadirə edildiyi bildirilir


Saleh Rüstəmov

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Saleh Rüstəmovun yaxınları mülkiyyətlərinin əllərindən alınmasına cəhd edildiyini bildirir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.

Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub.

Keçmiş icra başçısının qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə müsahibəsində deyib ki, Gədəbəy şəhərində Səməd Vurğun küçəsində yerləşən və 1957-ci ildə tikilmiş ata mülkünü və Heydər Əliyev prospektində cəmi 17 faiz paya malik olduqları obyektilərini almaq istəyirlər. Bu obyektin 73 faizi Rüstəmovlara aid deyil.

Taleh Rüstəmova görə, məsələnin maraqlı tərəfi budur ki, "qanunsuzluğu Ədliyyə Nazirliyi yox, Maliyyə Nazirliyi edir".

“Neçə vaxt idi icraçılar gəlib-gedirdilər. Amma oktyabrın 27-dən təzyiqlər daha da güclənib. Onların məqsədi evi və obyekti malik olduğu dəyərdən dəfərlərlə aşağı qiymətəndirərək öz əllərinə keçirməkdir,” Rüstəmov deyib.

Onun sözlərinə görə, evdə üç ailə yaşayır, bununla belə evin tam boşaldılmasını tələb edirlər.

Rüstəmov deyib ki, "bu qış çağında uşaqları hara yerləşdirəcəyini bilmir və bu şikayətini dinləyən də yoxdur".

Onun dediyinə görə, qərar 4 il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib. Qərarı indi icraya yönəldirlər, 3 milyon manat qiyməti olana obyekti 200 min manat dəyərləndirərək mənimsəmək istəyirlər.

“Biz də məhkəməyə verdik ki, məhkəmə qiymətləndirmə aparsın və obyekti ucuz ala bilməsinlər. İndi çalışırlar ki, bu məhkəmə olmasın. İşə Nərimanov Rayon Məhkəməsində baxılmaslı gözlənilir," Rüstəmov deyib.

O həmçinin bir müddət öncə ABŞ Səfirliyində olduğunu bildirib.

“ABŞ Səfirliyində bildirdilər ki, Avropa birliyi ölkələrinin səfirləri ilə danışıb, məsələni qaldıracaqlar. Bundan sonra məhkəmə qərarının icrasına ara verdilər. İndi evimi, obyektimi əlimdən alırlar, işdən çıxarıblar, pensiyamı kəsiblər. Ölkədən çıxışımıza da qadağa qoyublar. Bu faktiki ölüm aktı deməkdir. Mən ailə üzvlərimlə birgə yenə ABŞ Səfirliyinə gedib sığınacaq istəyəcəm. Sığınacaq verilməsə başqa çarəm qalmır, özümü və ailə üzvlərimi yandıraraq intihar edəcəm,” o qeyd edib.

Vəkil Bəhruz Bayramov deyib ki, hökmdəki müsadirə ilə bağlı qeyri-müəyyənlik Azərbaycan hökumətinin imicinə ziyan vurur.

Vəkilin sözlərinə görə, obyekt və evin qiymətləndirilməsindən şikayət verib, ona görə də icraat dayandırılmalıdır. Ümumi qiymətləndirilən dəyər 3 milyon manatdan çoxdur. Hazırda iş Nərimanov Rayon Məhkəməsindədir. Odur ki, bu halda iş üzrə icraat dayandırılmalıdır.

“İndi qiymətləndirmədə bizi razı salan müddəalar olmasa, Apellyasiya Məhkəməsinə müraciət edəcəm. Kassasiya qaydasında da şikayət olunacaq. Vəkil olaraq qiymətləndirməni mübahisələndirmişəmsə, həmin iş icraya yönəldilə bilməz, icra dayandırılmalıdır,” o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG