Accessibility links

Gədəbəydə jurnalist aclığa başlayıb


Anews.az xəbər portalının bölgə müxbiri Zaur Qənbərov yaşadığı Gədəbəy rayonunun Arıqıran kəndində quru aclıq aksiyasına başlayıb. O, istintaqın obyektiv aparılmamasına etiraz edir.

Jurnaistin qənaətincə ona qarşı deyl, qarşı tərəfə cinayət işi açılmalıdır.

Zaur Qənbərov: Ölüm aclığına başlamışam
please wait

No media source currently available

0:00 0:03:41 0:00

“Bu il mayın 4-də peşə vəzifəmi yerinə yetirdiyim zaman Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin binasında həmin qurumun rəhbəri və onun sürücüsü tərəfindən döyülmüşəm, təhqir olunmuşam, çəkiliş apardığım telefonum sındırılıb. Bununla bağlı hüquq- mühafizə orqanlarına şikayət etsəm də qarşı tərəfə deyil, mənə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə cinayət işi qaldırılıb. Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin 11 işçisini mənim üzümə qoyublar. Amma telefonum sındırılan zaman şöbə müdiri deyir ki, rayon icra hakimiyyəti başçısı da deyir ki, bu jurnalistin yazılarından bezib. Mənə məlum olub ki, istintaqa rayon icra hakimiyyəti başçısı müdaxilə edir. Mənim vəsatətlərim təmin edilmir. İstintaqa təqdim etdiyim fototlar, videolar, faktlar ya dəyişdirilir, ya da iş materallarından çıxarılır. Artıq iş məhkəməyə göndərilir.”

Jurnalist etiraz olaraq iyulun 25-dən aclığa başlayıb.

“Ədalət yerini tapmasa aclığı dayandırmayacam. Bu olmasa yemək yeməyəcəm, yəqin ki, aclığım ölümlə nəticələnəcək,” jurnalist Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Anews.az saytının bəyanatında deyilir ki, konkret halda jurnalistə qarşı deyil, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsininn vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırılmalıdır.

"Çünki, peşə fəaliyyətini həyata keçirərkən DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov jurnalistə hücum çəkib, onu təhqir edib, döyüb, bu hadisəni videoya çəkdiyini gördükdə isə telefonunu əlindən alaraq ayaq altına atıb, təpiklə zərbə vuraraq sındırıbdır. Buna baxmayaraq Gədəbəy rayon polis şöbəsində qarşı tərəfə yox, jurnalistimizə qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib.

İstintaqa və prokurorluğa təqdim etdiyimiz heç bir sübut və etiraz qəbul edilmədən jurnalist təqsirli hesab edilib. İstintaqın qərəzli aparıldığına dair daxili işlər nazirinə və baş prokurora yazdığımız bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara, yəni faktiki barələrində şikayət etdiyimiz adamların özlərinə qaytarılıb və bu, qətiyyən anlaşılan deyil.

İstintaq orqanları jurnalistimizin bədənində olan xəsarətləri, sındırılan telefonunu istintaq araşdırması zamanı ümumiyyətlə nəzərə almayıb. İstintaqın nəticəsi olaraq tərtib edilən istintaq aktında bildirilir ki, guya jurnalist özü idarədə dava salıb, bilərəkdən öz əlini yaralayıb və telefonunu sındırıb. Zənnimizcə bu kimi ittihamlar ümumiyyətlə məntiqə sığmır və heç bir fakta əsaslanmır. Buna şahidliyi isə jurnalisti bilavasitə döyən DSMF-nin Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyevin rəhbərliyi altında çalışan 11 işçisi təsdiq edib. Aydın məsələdir ki, heç bir işçi öz müdirinin sözünün əksinə getməyəcək. İstintaq həmin şəxslərin rəhbərliyin təzyiqi ilə şahidlik etməsi barədə vəsatətlərimizi təmin etmək üçün heç bir istintaq eksperimenti aparmayıb, üzləşmə zamanı üzə çıxan ziddiyyətli ifadələri araşdırmayıb və istintaq aktına əlavə etməyib.

Əlimizdə şahidlik edən şəxslərin iştirakı ilə idarədə yol verilən korrupsiya faktları, saxta əlillik sənədləri düzəltmələri kimi faktlar, sənədlər istintaqa təqdim edilib. Bu faktlar həmin işçilərin rəhbərliklərindən bilavasitə asılı olmalarına sübut kimi dəyərləndirilməli olduğu halda istintaq onlara ümumiyyətlə önəm verməyib.

Bundan əlavə jurnalistimizin döyülmə faktı DSMF Gədəbəy rayon şöbəsinin dəhlizində yerləşdirilən kamera qarşısında baş versə də kamera görüntülərini də istintaq işə əlavə etməyib,” bəyanatda qeyd edilir.

Jurnalist ölkə baçısına da müraciət edib.

"Mənim yeganə günahım sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində `hörmət` qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çoxsaylı əsaslandırılmış sübutlar var. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm,” Zaur Qənbərovun prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatının mayın 7-də yaydığı bəyanatda deyilir ki, Azərbaycanda reportyor Zaur Qənbərov Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin rəhbəri və onun sürücüsü tərəfindən döyülüb.

“Hücuma səbəb COVİD 19 pandemiyası dövründə yardımın ədalətli paylanmaması haqqında video olub. Hadisə araşdırılmalıdır. Cəzasızlığa yox deyirik!" bəyanatda deyilir.

Anews.az-ın məlumatında deyilir ki, hadisə mayın 4-də, Qənbərov daxil olan şikayəti araşdırmaq üçün DSMF şöbəsində olarkən baş verib.

“DSMF rəhbərinin müavini İbrahim Ələsgərovla söhbət zamanı Qələndərov otağa daxil olub və jurnalisti təhqir etməyə başlayıb. Qələndərov jurnalisti hədələyib və dəhlizə çıxaraq orada “haqq-hesab çəkməyə” çağırıb. Dəhlizdə Qələndərov jurnalisti təhqir etməkdə davam edib. Orada olan Xudaverdiyev görüb ki, jurnalist hadisəni mobil telefonu ilə qeydə alır, telefonu müxbirin əlindən alıb, sonra onu yerə yıxaraq təpikləyib. Müxbir telefonunu almağa çalışarkən məmur onu əli ilə vurub. Münaqişə bir müddət davam edib və müxbir Xudaverdiyev və onun sürücüsü tərəfindən fiziki təzyiqə məruz qalıb,” saytın məlumatında deyilir.

Redaksiya insident ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin bu qurumda müxbirin özünü günahandırıblar. Redaksiya sındırılmış telefonu və Qəmbərovun qanlı əllərinin fotosunu nazirliyə təqdim edib və xatırladıb ki, baş verənlər DSMF-nin videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, Gədəbəydə anews.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, mayın 4-də Zaur Qənbərov şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib.

"İdarənin müdirini və işçiləri təhqir edib, hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-nin yerli şöbəsi tərəfindən Gədəbəy Rayon Prokurorluğuna müraciət olunub," mətbuat xidmətinin rəhbəri qeyd edib.

XS
SM
MD
LG