Respublika Prokurorluğu Daxili İşlər Nazirliyi ilə birgə Gəncədə iyulun 3-də İcra başçısı Elmar Vəliyev və onun mühafizəçisinə olan silahlı hücumla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir:
"2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişlər.
Сinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilmişdir.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunmuşdur.
Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir.
Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir."
İyulun 3-də Gəncə şəhər (Bakıdan 364 km. qərb) İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi silahlı basqına məruz qalıb.
Baş Prokurorluğun mətbuat xidməti onların hər ikisinin yaralı və hazırda xəstəxanada olduğu haqda məlumatı Amerikanın Səsinə təsdiq edib.
O bildirib ki, yaxın zamanda rəsmi məlumat açıqlanacaq. Silahlı basqının təfərrüatları bəlli deyil. Hələlik icra başçısı və onun mühafizəçisinin sağlıq durumu ilə bağlı hər hansı bir məlumat verilmir.