Accessibility links

Gəncə hadisələri ilə bağlı həbs edilənlərin valideynləri etiraz aksiyası keçirib


Gəncə hadisələri ilə bağlı etiraz aksiyası

Avqustun 21-də Bakıda "Şəhidlər Xiyabanı" ərazisində 2018-ci ilin iyul ayında Gəncədə baş vermiş hadisələrlə basğlı həbs edilən və hazırda məhkəmə prosesləri gedən şəxslərin valideynləri etiraz aksiyası keçirib və Prezident Administrasiyasına doğru yürüş keçirməyə cəhd edib.

Etiraz edənlər əllərində "Ya oğlumu azad et, ya da məni tut!" şüarları qaldırıb, övladlarının günahı olmadan həbs edildiyini iddia edib.

"Orada (Gəncədə - red.) uşaqlar nə ediblər ki? Əlində qılınc yox, avtomat yox, daş yox, taxta yox, heç nə yoxdur uşaqların əlində. Mənim oğlum skameykada oturub. Buna görə adama 8 il iş verirlər," aksiya iştirakçılarından biri deyib.

Aksiya iştirakçıları bildirib ki, səlahiyyətli orqanların nümayəndələri onlara narahat olmamağı, hər şeyin yaxşı olacağını desələr də, 13 aydır Bakının küçələrində çarəsiz qalıblar.

"Bu nə haqsızlıqdır? Ölən də bəlli, öldürən də, sifarişçilər də. Bu, hamısı dövlətin dırnaqarası məmurlarının arasında olan kürsü davasıdır. Bizim balalarımız isə bu oyunun qurbanıdırlar. Bu dövlətdə bizim yaşamağa hüququmuz yoxdursa, balalarımız kimi, bizi də həbs etsinlər," digər aksiya iştirakçısı deyib.

Aksiya edənlər ölkə prezidentindən həmin məmurlar barəsində ciddi tədbir görməyini xahiş ediblər və Gəncə işində ədalətin bərqərar olmasını tələb ediblər.

Etirazçılar bəzi televiziyalarda Gəncə hadisələrinə həsr olunmuş verilişə də etirazlarını bildiriblər. Onlar qeyd ediblər ki, həbs olunanlar barəsində məhkəmə qərarı hələ ki, qüvvəyə minməyib. Belə olan halda onları cinayətkar adlandırmaq qanuna ziddir.

Gəncə hadisələri ilə bağlı etiraz aksiyası
Gəncə hadisələri ilə bağlı etiraz aksiyası

Əraziyə cəlb olunmuş polis qüvvələri yolu kəsərək yürüşə imkan verməyiblər. Aksiya iştirakçısı Sevinc Hüseynova saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb. Lakin az müddətdən sonra o, sərbəst buraxılıb.

Aksiyanın sonunda iştirakçıların ikisini Prezident Administrasiyasında görüşə dəvət ediblər.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərovun məhkəməsi başlamadığından o bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

Şərhlərə bax

XS
SM
MD
LG