Accessibility links

“Gəncə işi” üzrə həbsdə olanların yaxınları Avropa İttifaqının ofisi qarşısına aksiya keçirib


Mayın 25-də “Gəncə işi” üzrə həbs olunanların bir qrup ailə üzvü Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinin ofisi qarşısında “Gəncə məhbuslarına azadlıq!”, “Saxta ittihamlara son!” şüarları ilə aksiya keçirib.

Aksiya iştirakçıları həbsdə olan ailə üzvlərinin azad edilməsi tələbləri səsləndirib.

“Biz neçə illərdir Gəncə-Bakı yolunda qalan analarıq. Balalarımız günahsızdır. Bu səbəbdən məhkəmələrdən ədalət, uşaqlarımıza bəraət istəyirik,” aksiya iştirakçılarından biri deyib.

Digər aksiya iştirakçı deyib ki, hökumət və hüquq mühafizə orqanlarında onların tələblərini dinləsələr də əməl edilmir.

“Biz istərdik ki, Azərbaycan məhkəmələri ədalətli qərarlar versin, saxta ittihamlara son qoyulsun. Amma məhkəmələr ədalətli qərarlar vermir. Bu səbəbdən də beynəlxqalq təşkilatlara müraciət etməyə məcbur qalırıq. İstəyirik ki, ölkəmizin məhkəmələrində ədalətli qərarlara beynəlxalq təşkilatların köməyi ilə nail olaq,” o qeyd edib.

3 iyul 2018-ci ildə Gəncədə şəhərinin ozamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

Şərhlərə bax

XS
SM
MD
LG