Accessibility links

“Gəncə işi” üzrə mühakimə edilənlər aclıq aksiyasına başlayıb


"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin Facebook səhifəsindəndir)
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin Facebook səhifəsindəndir)

"Gəncə işi” üzrə mühakimə olunan 7 nəfər ötən gün 2 saylı Cəzaçəkmə Müəssisəsində aclıq elan edib.

Onların qohumları bildirir ki, aksiyada Əli Rzayev, Toğrul Verdiyev, Zabil Məmmədov, Elvin Nazarov, Elman Quliyev, Orxan Yağnəliyev və Kamal Quliyev iştirak edir.

Onlar günahsız olaraq uzun müddətə həbs olunmalarına etiraz edir.

Məhkumların valideynləri hesab edir ki, övladlarına qarşı ədalətsizliyə yol verilib, gənclər günahsız olaraq uzun müddətə həbs edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məhbusların aclıq etməsi barədə məlumatı təsdiq etməyib.

“Hazırda cəzaçəkmə müəssisəsində heç bir məhbus aclıq etmir,” Mehman Sadıqov deyib.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Elmar Vəliyevə etiraz olaraq aksiya təyin edilib. Həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı yüksək rütbəli iki polis zabiti öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər baş verib.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov bildirib ki, Elmar Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı istintaq işi başa çatıb və 60 nəfərin barəsində 8 cinayət işi məhkəmələrə göndərilib. Müttəhimlər müxtəlif müddətə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG