Bu gün, iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla, 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə prosesi davam etdirilib. Bugünkü iclasda vəkillərin müdafiə çıxışları olub. Müdafiə tərəfi Yunis Səfərovdan başqa digər təqsirləndirilən şəxslərə bəraət istəyib.
Məhkəmə iyulun 29-də vəkillərin müdafiə çıxışları ilə davam etdirləcək.
Məhkəmə prosesi mayın 25-dən təxirə salınmışdı.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakimlər kollegiyası zərərçəkən kimi tanınan Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin anlaqlı olub-olmamasının müəyyənləşdirilməsi üçün tibbi ekspertiza keçirilməsi barədə qərar verib. Vəkillər bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib.
Ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Bundan sonra, bu gün, iyulun 15-də məhkəmə prosesi davam etdirilib.
Dövlət ittihamçısı əvvəlki məhkəmə prosesində Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18-20 il həbs istəyib.
Bu gün təqsirləndirlən şəxslərin yaxınları məhkəmə binasının qarşısında hakim Əfqan Hacıyevə etiraz olaraq aksiya keçirib. Aksiya iştirakçıları sədrlik edən hakimi bu günlərdə digər məhkəmə zalında xarici ölkə vətəndaşı olan terrçulara 6 ay həbs çıxarmaqda, lakin ölkə vətəndaşlarına qarşı eyni münasibət göstərməməkdə günahlandırıb. Belə ki, onlar hakimin Ermənistan vətəndaşı olan şəxslərə qarşı çıxardığı hökmə işarə ediblər.
“Azərbaycan vətəndaşlaına zülm edirlər, bizim övladlara ömürlük, 20 il həbs istəyirlər. Biz bəraət tələb edirik. Bu ölkə Xanlar Vəliyev (hərbi prokuror) və onun qardaşı Elmar Vəliyevdən ibarət deyil,” təqsirlənirilən şəxslərdən birinin anası deyib.
Digər etirazçı Elmar Vəliyevdə psixi pozğunluq yaranması ilə bağlı ekspert rəyini şübhə altına alıb.
“Elmar Vəliyevdə psixi pozğunluq yoxdur. Onun istirahətini pozmaq istəmirlər. O məscidə ayaqqabısını soyunmadan girib, məhz bu hərəkəti psixi pozğunluğu olan adamalar edər,” digər etirazçı deyib.
3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.
Bundan sonra, iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.
Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.
Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.