Accessibility links

“Gəncə işi”-nə görə mühakimə olunan aclıq aksiyası keçirir


"Gəncə işi”-nə görə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Firudin Zeynalov aprelin 13-dən aclıq aksiyasına başlayıb.

Yaxınlarının Amerikanın Səsinə verdiyi məlumata görə, Firudin Zeynalov hazırda aclıq akiyasını davam etdirir.

please wait

No media source currently available

0:00 0:00:53 0:00

“Aclıq aksiyasına aprelin 13-də başlayıb. Səbəb odur ki, məhkəmə prosesi tam ədalətsiz keçirilir. Heç bir vəsatət təmin edilmir. Şahidlərin ifadələri ilə bağlı vəsatətlər təmin edilmir, özünüqoruma mexanizmlərindən istifadə qaydasına əməl olunmayıb. Məhkəmə adı altında eyni istintaq hərəkətlərində olan proseslər gedib. İstintaq dövründə necə həmin ifadələr verilib, həmin qaydada da məhkəmə prosesi gedib. Ona görə də Firudin ədalətsiz məhkəmə baxışına etiraz olaraq aclıq aksiyası keçirir. Dünən məhkəməyə aclığa başlaması barədə yazılı ərizəsini də verib.

Eyni zamanda yaxınları deyib ki, Firudin Zeynalov Azərbaycanın aidiyyatı qurumlarına müraciət edib.

“Bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşı kimi ölkəmizdə olan hüquq pozuntularına sosial şəbəkələrdə və icazəli aksiyalarda öz etirazımı bildirdiyim üçün bir neçə dəfə polis əməkdaşları tərəfindən təqib və təhdidlərə məruz qalmışam.

2017-ci ilin oktyabr ayında isə qondarma ittihamlarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2 və 221.3 maddələri ilə təqsirləndirilərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşam.

2018-ci ilin 14 iyul tarixində isə həbsdə ola-ola Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş hadisə ilə bağlı mənə Cinayət Məcəlləsinin 29, 120, 214, 277, 278, 228 maddələri ilə yeni ittihamlar verilərək dövlətin konstitusion quruluşunu dəyişmək, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd və s. bu kimi əməllərdə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmuşam.

İbtidai istintaqın tədqiq etdiyi cinayət işi materiallarında mənə verilmiş ittihamlara dair heç bir əsaslı sübutlar olmadığı halda verdiyim vəsatətə əsasən haqqımda olan cinayət işinə xitam verilməmiş və baxılması üçün məhkəməyə göndərilmişdir.

Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Hacıyev Əfqan Niftulla oğlunun sədrliyi ilə məhkəmə icraatı davam etməkdədir.

İbtidai istintaqın tamamən tanımadığım şəxslərlə birlikdə məni mütəşəkkil dəstənin üzvü kimi ittiham etməsinə heç bir qanuni əsaslar olmadığı halda, məhkəmədə verdiyim vəsatəti təmin etməyərək haqqımda olan cinayət işinə xitam verməmiş və məhkəmə baxışına verilmişdir ki, bu da məhkəmənin ədalətliliyinə elə ilk mərhələdən şübhələrin yaranmasına səbəb olmuşdur,“ müraciətdə deyilir.

Firudun Zeynalov hesab edir ki, məhkəmə iclaslarına media nümayəndələrinin, müxtəlif təşkilatların üzvlərinin buraxılmaması, məhkəmə iclaslarında audio-video çəkilişlərə qadağalar, məhkəmə iclas protokolları ilə tanış olmasına və qeydlər aparmasına şərait yaradılmaması həm milli qanunvericiliyin, həm də beynəlxalq konvensiyanın müxtəlif müddəalarının kobud surətdə pozulması ilə nəticələnir ki, bu da bir daha məhkəmənin ədalət prinsipləri ilə ziddiyyət təşkil edir.

Firudun Zeynalovun aclıq aksiyası ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla, 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə vəkillərin müdafiə çıxışları ilə davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirlən şəxslərə 19 ildən 25 ilədək, həmçinin Yunis Səfərova ömürlük həbs istəyib.

Vəkillər müdafiə çıxışında bildirib ki, əslində məhkəmə prosesi Yunis Səfərova aiddir. Digər təqsirləndirilən şəxslərə bəraət verilməlidir.

Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov bu iddianı rədd edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada isə iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və başqa əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.

XS
SM
MD
LG