Accessibility links

“Gəncə işi”ndə günahlandırılanlar aclıq aksiyasına başlayıb


“Gəncə işi”ndə həbs edilənlərin valideynləri aksiya keçirib
“Gəncə işi”ndə həbs edilənlərin valideynləri aksiya keçirib

“Gəncə işi" üzrə təqsirləndirilən bir qrup şəxs sentyabrın 6-da məhkəmə prosesində aclıq elan etdiklərini açıqlayıb. Onlar buna səbəb kimi prokurorun sentyabrın 5-də çıxışında ağır cəza istəməsini göstərib.

Dövlət ittihamçısı sentyabrın 5-də keçirilən prosesdə bu qrupdaki 8 şəxsə 5 ildən 16 ilə qədər həbs istəyib. Ən az 5 il istənilən Emil Məmmədovun ötən ilin iyulunda tutulanda 16 yaşı tamam olmayıb.

Ən az 5 il istənilən Emil Məmmədovun ötən ilin iyulunda tutulanda 16 yaşı tamam olmayıb.


Dövlət ittihamçısı ibtidai istintaq zamanı həbsdə olan şəxslərə qarşı kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq və digər ittihamların təsdiqini tapdığını bildirib.

Məhkəmə prosesi Bakıda keçirilsə də, onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Bu 8 nəfərə ötən ilin iyulunda Gəncədə icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsdən bir həftə sonra keçirilən aksiyada iki polis zabitinin öldürülməsi, kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlamaq, polislərə xəsarət yetirmək kimi ittihamlar verilib.

Dövlət ittihamçısı çıxışında 8 nəfərdən 6-nın üzərindən Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin götürülməsini təklif edib.

Elmar Vəliyev, sabiq Gəncə meri
Elmar Vəliyev, sabiq Gəncə meri

O, təqsirləndirilən şəxslərdən 2-nin üzərində istintaq vaxtı ittiham kimi verilmiş bütün maddələrin saxlanmasını istəyib. Həmin təqsirləndirilən şəxslərdən də B.Əliyevə 16, H.Qurbanova isə 15 il həbs cəzası verilməsini, bu cəzaların da ciddi rejimli müəssisədə çəkilməsini təklif edib.

Prokuror digər təqsirləndirilən şəxslərin isə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cəzalandırılmasını istəyib.

Sentyabrın 6-da keçirilən iclasda bəzi müttəhimlərin (3 mütəhimin) vəkilləri yekun sözlə çıxış edib. Onlar müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş edib.

Növbəti iclas sentyabrın 12-nə təyin edilib.

Amma təqsirləndirilən şəxslərin aclıq aksiyasına başlamaları haqqında açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG