Accessibility links

Gənc fəal Bayram Məmmədovla bağlı narahatlıq var


Bu il martın 17-də prezidentinəfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alan gənc fəal Bayram Məmmədovun durumundan həm yaxınları, həm də əqidə yoldaşları narahatdır.

“Nida” Vətəndaş Hərəkatı da Bayram Məmmədovla bağlı açıqlama yayıb və orada gənc fəalın xəstəxanaya köçürülməsi istənilir.

Qurum vurğulayıb ki, üzvlərindən olan B. Məmmədovun Binəqədidəki İnzibati həbs olunanların saxlanma məntəqəsində sağlamlığında ciddi problemlər yaranıb.

“Həmin təcridxanadan çıxan məhbusların verdiyi məlumata görə, Bayram Məmmədovun ağrıları şiddətlənməkdədir. O, başından çoxlu zərbələr alıb, baş gicəllənmələri var və hər axşam qusur...”, - deyə açıqlamada qeyd olunur.

Bu açıqlamaya hələlik, məntəqə rəhbərliyinin və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Məhbusun atası Fərman Məmmədovisə oğluyla aprelin 4-də görüşdüyünü deyib. Atası onun səhhəti haqqında suala belə cavab verib:

“Bayramda belə xasiyyət var ki, özü barədə, ümumiyyətlə nə baş verdiyini söyləmir, susur. Biz onunla şüşə arxasında danışdıq. Ona görə konkret heç nə deyə bilməyəcəm”.

Fərman Məmmədov oğlu ilə gələn həftə görüşəcəyini qeyd edib.

İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup da (MPQ) aprelin 5-də Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İHOSM) baxış keçirib. Bu barədə Ombudsman Aparatı məlumat yaymışdı. Açıqlamaya görə, MPQ üzvləri orada saxlanan bir sıra şəxsləri, o cümlədən Bayram Məmmədovu da qəbul edərək konfidensial qaydada dinləyiblər. Qurum gənc fəalın səhhəti ilə bağlı hər hansı açıqlama verməmişdi.

Amma bu həftə gənc fəalla görüşən vəkili Elçin Sadıqovun bildirdiyinə görə, Bayram Məmmədov işgəncəyə məruz qalması barədə izahat yazıb və ekspertizadan keçirilməsini istəyir.

O, ötən ay, aprelin 30-da polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 30 sutka inzibati həbs cəzası alıb.

Gənc fəalla bağlı Sabunçu Rayon Məhkəməsinin verdiyi həmin inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib.

Verilən ittihamı qəbul etməyən Bayram Məmmədov məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyünü açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılmasından ötrü prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AzadlıqRadiosuna gənc fəalın işgəncə ilə üzləşməsi ilə bağlı dediklərinin gerçək olmadığını söyləmişdi.

Xatırlatma

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı.

Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyərək, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə, həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

- AzadlıqRadiosu

XS
SM
MD
LG