Accessibility links

Gənclər təşkilatları Bayram Məmmədovun ölümü ilə bağlı istintaqın ilkin nəticələri barədə məlumat tələb edir


N!DA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi, Haqq Ədalət Partiyası Gənclər Təşkilatı, Oyan Hərəkatı, Müsavat Gənclər Təşkilatı, Tələbə Güc Mərkəzi Türkiyə və Azərbaycan hakimiyyətlərindən keçmiş siyasi məhbus Bayram Məmmədovun ölümü ilə bağlı aparılan istintaqın ilkin nəticələri barədə ictimaiyyətə məlumat verilməsini tələb edir.

Adları sadalanan təşkilatların birgə bəyanatında deyilir ki, Bayram Məmmədov 2 may 2021-ci ildə İstanbulda naməlum şəkildə həlak olub.

“Bayram Məmmədovun cəsədi sahildə boğulmuş vəziyyətdə tapılıb. Türkiyə polisi tərəfindən ilk olaraq "şübhəli ölüm" olmadığı deyilsə də, daha sonra bu açıqlama dəyişdirilmiş və Bayramın ölümünün "şübhəli ölüm" olduğu qeyd olunub. Hadisə ilə bağlı araşdırılmanın və zəruri istintaq tədbirlərinin aparılacağı bildirilib. Lakin bu vaxta qədər keçmiş siyasi məhbus Bayram Məmmədovun müəmmalı ölümü ilə bağlı Türkiyə polisi tərəfindən ətraflı məlumat verilməyib. Hadisənin hansı şəraitdə baş verməsi və necə olub Bayram Məmmədovun boğulması barəsində yekdil fikir səsləndirilməyib. Hadisənin baş verdiyi iddia edilən ərazidəki kamera görüntüləri ictimaiyyətə təqdim edilməyib. Azərbaycan hakimiyyəti və aidiyyatı qurumlar tərəfindən Bayram Məmmədovun ölümü ilə bağlı hər hansı açıqlama verilməyib.”

Sənəddə deyilir ki, bu vaxta qədər ictimaiyyətə ətraflı məlumatın verilməməsi, istintaq tədbirlərinin nəticələri və kamera görüntülərinin təqdim edilməməsi, Azərbaycan hakimiyyətinin və aidiyyatı orqanların susqunluğu Bayram Məmmədovun ölümü ilə bağlı haqlı şübhələrə səbəbiyyət verir.

Bəyanatı imzalayan təşkilatlar Türkiyə və Azərbaycan hakimiyyətlərindən aşağıdakıları tələb edir.

- Bayram Məmmədovun ölümü ilə bağlı başlanılmış istintaq işinin gedişi, əldə olunan ilkin nəticələr barəsində ictimaiyyət dərhal məlumatlandırılmalıdır.

- Ölüm səbəbləri, hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı məlumatlar təqdim edilməlidir.

- Azərbaycan hakimiyyəti və aidiyyatı qurumlar Bayram Məmmədovun həlak olması ilə bağlı açıqlama verməli, istintaq prosesində yaxından iştirak etməli və Türkiyə hüquq mühafizə orqanları ilə birgə kordinasiyalı şəkildə işləməlidir.

- Bu mövzuda Türkiyə hüquq-mühafizə orqanlarının, Azərbaycan hakimiyyəti və aidiyyatı qurumların səssizliyi və istəksizliyi Bayram Məmmədovun ölümü ilə bağlı fərqli spekulyasiyaların yaranmasına səbəb olur. Bu cür düşüncələrin yaranmaması və adekvat nəticələrin olmaması üçün Türkiyə və bilavasitə Azərbaycan hakimiyyəti istintaq prosesinin nəticələnməsində maraqlı olmalıdır.

Türkiyədə müəmmalı şəraitdə ölü tapılan gənc ictimai fəal Bayram Məmmədov mayın 9-da Bakıda dəfn edilib.

Gənc fəalın Türkiyədə ölməsi barədə mayın 5-də xəbər yayılıb. Türkiyə polisi onun cəsədinin İstanbulda dənizdən tapıldığını bildirib.

Bayram Məmmədovun cəsədi Türkiyə istintaq orqanı tərəfindən ekspertiza edildikdən sonra ailəsinə verilib.

Məmmədovun yaxınları bildirib ki, Türkiyə polisi Bayram Məmmədovun ölümünü "şübhəli ölüm" kimi qeydə alıb və istintaq davam etdirilir.

Məmmədov Azərbaycanda siyasi məhbus kimi tanınan fəallardandır.

Belə ki, Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs edilib.

Hər iki gənc fəal həmin il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu il martın 16-da prezidenti İlham Əliyevin əfv sərəncamı ilə fəallar azadlığa buraxılıb.

Şərhlərə bax

XS
SM
MD
LG