Accessibility links

Gərgin döyüşlər davam edir


Cəbhə xətti
Cəbhə xətti

Oktyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüş əməliyyatları bir aydır davam etdirilir. Hər iki tərəf çoxsayl itkilər verib. Döyüşlər zamanı yüzlərlə hərbi texnika, aviasiya vasitələrinin məhv edildiyi bildirilir.

Rəsmi Bakı beynəlxalq tanınmış sərhədləri daxilində 1993-cü ildən erməni tərəfinin nəzarətində olan 180-dək yaşayış məntəqəsini, o cümlədən 4 şəhərini, bir neçə qəsəbəsini azad etdiyini bildirib. Ölkə İranla sərhədlərini bütövlükdə bərpa edib. Ermən tərəfi döyüşlər zamanı geri çəkildiyini təsdiq etsə də, bu məlumatların bir çoxunu hələ təsdiq etməyib.

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri oktyabrın 26-da humanitar atəşkəs elan etməsinə baxmayaraq tərəflər oktyabrın 27-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

“Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir,” Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan oktyabrdın 26-da bildirib ki, Azərbaycan Ordusu Qubadlı şəhərini tutub və bəzi istiqamətlərdə irəliləməyə nail olub.

"Sabah bu əraziləri interaktiv xəritə ilə göstərəcəyik," o, qeyd edib.

Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, Azərbaycan Dağlıq Qarabağda atəşin sıxlığını kəskin şəkildə artırıb.

“Oktyabrın 26-da saat 17:00-dan etibarən Artsaxın (Dağlıq Qarabağ-red) sərhədlərində atəşin sıxlığı kəskin artıb. Düşmən, Dağlıq Qarabağ “Müdafiə Ordusu”nun mövqeləri istiqamətində toplardan, raketlərdən və tanklardan istifadə edir,” Stepanyan qeyd edib.

Özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun prezidenti Araik Harutyunyan bildirib ki, oktyabrın 26-da Qarabağda intensiv artilleriya atəşləri ilə müşayiət olunan gərgin döyüşlər bərpa olunub.

"Xalqımızın hüquqları və təhlükəsizliyi heç bir güzəştə tabe deyil. Bu məsələdəki qərarımız bütün şərt və istəklərdən üstündür," o, qeyd edib.

Bu arada Ermənistanın Baş Naziri Nikol Paşinyan Facebook-da canlı yayımda xalqa müraciətində deyib ki, Azərbaycan Qarabağ məsələsinin həllini deyil, Dağlıq Qarabağın təslim olmasını istəyir.

"Erməni xalqı və hökuməti qarşılıqlı kompromislərə, hətta ağrılı olanlara da hazırdır, bununla belə, erməni xalqı heç bir halda təslim olmağa hazır deyil. Erməni xalqı Qarabağı dəstəkləməlidir ki, Azərbaycan özü təslim olmağı istəməsin. Lazımdır ki, Azərbaycanın özü bunu düşünməsin: Bir azdan məsələ yavaş-yavaş həllini tapacaq. Bunun üçün yıxılmamaq, tab gətirmək lazımdır,” o, qeyd edib.

"Nə qədər məntiqsiz görünsə də, erməni xalqı, məhdud resurslar şəraitində belə hüquqlarını qorumaq üçün əlavə qüvvələr tapmalıdır," Paşinyan əlavə edib.

Baş Nazir güzəştə getməyə hazır olmasına baxmayaraq pozulmayan `qırmızı xətlərin` olduğunu vurğulayıb.

“Mövcud vəziyyətdə Qarabağ və bütün dünya Azərbaycanın danışıqlar aparmaq istədiyinə əmin olmalıdır. Təslim olmağı qəbul edəcəyimizi təsəvvür etmək mümkün deyil. Və Azərbaycanı güzəştə getməyə razı salmaq üçün ayağa qalxıb mübarizə aparmalıyıq. Bu taleyüklü bir andır və kimsə bu məsələni bizim üçün həll edəcəyinə ümid edə bilməz. Bir həll yolu var - millətin hər bir nümayəndəsi, cəbhədəki əsgərlərlə eyni şəkildə bu gündəmə bağlı olmalıdır," o, qeyd edib.

Öz növbəsində, oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində deyib ki, razılıqdan bir neçə dəqiqə keçmiş Ermənistan tərəfindən humanitar atəşkəs pozulub.

“Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq yenə də mən hələ ki, göstəriş vermişəm ki, Azərbaycan Ordusu təmkinlə özünü aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır. Ya hərb yolu ilə, ya sülh yolu ilə. Və mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir. Neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Onda belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz,” o qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir.

“Bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, nə gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?” o sual edib.

Əliyev eyni zamanda Azərbaycanın danışıqların əleyhinə olmadığını bəyan edib.

“Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz eləmirəm, görüşsünlər. O qədər mənasız görüş olub ki... Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun,” prezident qeyd edib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aktiv hərbi əməliyyatlar bərpa edilib. Oktyabrın 26-da humanitar atəşkəs elan edilənədək tərəflər çoxsayı itkilər verib.

Oktyabrın 27-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın cənubundakı sərhəd zastavalarına atəşə məruz qioyub, yaralananlar var.

Bu gün Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycanın atəşinə məruz qaldığı bildirilən ölkənin cənubundakı sərhəddə əməliyyat vəziyyətini müzakirə edib.

Sərhəd zastavasının komandiri nazirə bildirib ki, atəş nəticəsində zərərçəkən olmayıb, hərbi texnikaya ziyan dəyməyib.

“Ermənistanın sərhəd bölmələri Azərbaycan tərəfinə xeyli ziyan vuraraq bir sıra qabaqlayıcı zərbələr endirilib,” o qeyd edib.

Sərhədçilərdən digəri nazirə deyib ki, erməni komandanlığı `düşmən`in bütün atəş mövqelərini yaxşı bilir.

“Atəş yenidən təkrarlanarsa həmin nöqtələr məhv ediləcək. Ermənistan silahlı qüvvələri hər an düşmənin təcavüzünün qarşısını almağa hazırdır. Dövlət sərhədinin pozulmasına güclü zərbələrlə cavab verəcəyik. İstifadəmizdə olan bütün silah arsenalından istifadə edərək güclü bir zərbə endirəcəyik," sərhəd zastavasının rəsmisi qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi məlumatın yalan olduğunu bildirib. Nazirliyin məlumatında deyilir ki, Ermənistanın ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

“Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.”

Nazirlik xatırladır ki, Ermənistan rəhbərliyi artıq `dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil` və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir.

“Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir,” Müdafiə Nazirliyi xəbərdarlıq edib.

Oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Ermənistan oktyabrın 27-də daha 35 hərbiçisinin öldürüldüyünü və ümumilikdə 1020 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, oktyabrın 24-də iki mülki vətəndaş vəfat edib və ümumilikdə sentyabrın 27-dən oktyabrın 2-dək Azərbaycanın 65 mülki vətəndaşı həlak olub, 300 nəfər yaralanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 109 nəfər yaralanıb.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib.

XS
SM
MD
LG