Accessibility links

Böyük Səkkizlər iqtisadi artıma nail olmağa söz verib (YENİLƏNİB)


Avropada borc böhranını müzakirə edən Böyük Səkkizlər qrupunun liderləri iqtisadi inkişaf və iş yerlərinin yaradılması məsələlərinin onlar üçün ən ümdə məsələlər olduğunu bildirib.

Böyük Səkkizlərin liderləri açıqladıqları rəsmi bəyanatda Yunanıstanın avro məkanında qalmasını arzuladıqlarını və ölkənin öz öhdəliklərinə əməl etməli olduğunu ifadə etmişlər.

Borc böhranına görə dərin iqtisadi tənəzzül keçirən Yunanıstan ciddi iqtisadi tədbirlərin həyata keçirilməsindən yayınmaq üçün avro zonasından çıxa bilər. Lakin öhdəliklərini yerinə yetirmədiyi halda, məcburən avro məkanından çıxarıla bilər.

Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin liderləri ABŞ prezidentinin Vaşinqton yaxınlığındakı Kemp Deyvid iqamətgahında zirvə toplantısının ikinci günü əsas diqqəti Avropada borc böhranının müzakirəsinə yönəltmişdir.

Yunanıstanın borc böhranından çıxması üçün ciddi iqtisadi ölçülərin həyata keçirilməsi üçün təzyiq göstərən Almaniyanın kansleri Angela Merkel deyib ki, Böyük Səkkizlərin liderləri arasında büdcə və iqtisadi artım arasında balans yaratmaq məsələsində fikir birliyi mövcuddur.

Sammitə ev sahibliyi edən prezident Obama avro məkanında borc böhranından çıxmaq yollarını müzakirə edən Böyük Səkkizlər qrupunun liderlərinin iqtisadi artım məsələsinə diqqət verməsi üçün təzyiq göstərəcəyini demişdir.

Şənbə günü səhər iclasında çıxışı zamanı prezident Obama bildirib ki, sammit iştirakçıları enerji bazarlarında qeyri-müəyyənlik, habelə Yaxın Şərq, Şimali Afrika və Əfqanıstanda inkişaf məsələlərini müzakirə etməlidir.

İranın nüvə proqramı ilə bağlı narahatlıqlarla əlaqədar ABŞ prezidenti deyib ki, Böyük Səkkizlər sanksiyalar və təzyiqlər, eyni zamanda diplomatik müzakirələrin davam etdirilməsində əzmlidir.

Suriyada davam edən zorakılıqlara gəlincə, prezident Obama deyib ki, dünyanın səkkiz qüdrətli dövləri BMT-nin keçmiş baş katibi və təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın sülh planına dəstək verir, lakin vəziyyətin tezliklə dəyişməsini arzu edir.

Kemp Deyvid sammiti prezident Obamanın dörd gün davam edəcək diplomatic turnesinin bir hissəsidir. ABŞ prezidenti şənbə günü NATO-nun zirvə görüşündə iştirak etmək üçün Çikaqo şəhərinə yollanacaq. Əfqanıstan müharibəsi NATO zirvə toplantısının diqqət mərkəzində olacaq.

XS
SM
MD
LG