Accessibility links

İsrailin Qəzzaya hava hücumunun araşdırılması ilə bağlı çağırışlar artır


Cümə axşamı İsrailin Qəzzada "World Central Kitchen"nin (Dünya Mərkəzi Mətbəxi) 7 yardım işçisinin ölümünə səbəb olan konvoya hava zərbəsi ilə bağlı açıqlama verməsini tələb edən çağırışların sayı artıb.

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahunun hücumdan sonra ilk telefon danışığı cümə axşamı gözlənilirdi.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin çərşənbə günü jurnalistlərə bildirdiyinə görə, İsrailin humanitar yardım işçiləri və mülki insanları qorumaq üçün daha effektiv tədbirlərə ehtiyacı var.

World Central Kitchen cümə axşamı bildirib ki, Avstraliya, Britaniya, Kanada, Polşa və Birləşmiş Ştatlardan “bu hücumlar, o cümlədən onların qəsdən və ya başqa şəkildə beynəlxalq hüququn pozulub-pozulmadığına dair müstəqil üçüncü tərəf araşdırması aparılmasını” tələb etməyi xahiş edib.

Bazar ertəsi hücum zamanı ölənlər arasında bir Fələstin, üç Britaniya, bir Polşa, bir Avstraliya və bir ikili Kanada-Amerika vətəndaşları olub.

"World Central Kitchen"in bəyanatında "Müstəqil araşdırma baş verənlərin həqiqətini müəyyən etmək, məsuliyyət daşıyanlar üçün şəffaflıq və hesabatlılığı təmin etmək, gələcəkdə humanitar yardım işçilərinə qarşı hücumların qarşısını almaq üçün yeganə yoldur" deyilib.

Avstraliyanın baş naziri Antoni Albanez cümə axşamı jurnalistlərə deyib ki, "bu, sadəcə, müharibənin nəticəsidir" deməsi də olmaqla, İsrailin cavabı kifayət qədər yaxşı olmayıb.

"Beynəlxalq humanitar hüquq çox açıq şəkildə göstərir ki, humanitar yardım işçiləri yardımı həyatlarını itirmək təhlükəsi olmadan təmin edə bilməlidirlər" Albanez bildirib.

Polşanın baş naziri Donald Task cümə axşamı keçirdiyi mətbuat konfransında Polşanın baş verənlərlə bağlı izahat istədiyini, eləcə də qurbanların ailələrinə təzminat ödənilməsini gözlədiyini deyib.

Pentaqon bildirib ki, ABŞ müdafiə naziri Lloyd Austin çərşənbə günü İsrailin müdafiə naziri Yoav Qallantla telefon danışığı zamanı "İsrailin hücumuna görə qəzəbini ifadə edib".

İsrail silahlı qüvvələrinin başçısı Herzi Halevi hücumu "ciddi səhv" adlandırıb və bunu gecə vaxtı "yanlış tanınma" ilə əlaqələndirib.

Netanyahu bu "faciəli işin sona qədər" araşdırılacağına söz verib.

Forum

XS
SM
MD
LG