Accessibility links

Qəzzada internet və telefon xidmətləri yenidən kəsilib


Anklavın telekommunikasiya xidməti təminatçısı Paltel (Fələstin Telekommunikasiya Şirkəti) çərşənbə axşamı gecə əvvəllər Twitter kimi tanınan X sosial media saytında sakinlərə bütün telefon və internet xidmətlərinin tam kəsilməsi ilə bağlı məlumat yayıb. Şirkət bu xidmətlərin dayanmasının səbəbinin "bundan əvvəl işə salınan beynəlxalq rabitənin yenidən kəsilməsi" olduğunu bildirib.

Qəzzada rabitənin kəsilməsi keçən cümə günündən başlayıb və son iki gündə tamamilə kəsilib. Mühasirədə olan ərazinin 2,3 milyon əhalisinin dünya ilə əlaqəsi kəsilib və beynəlxalq yardımın çatdırılması dayandırılıb.

Fələstin səhiyyə orqanlarının verdiyi məlumata görə, son telefon və internet xidmətində fasilələr İsrailin Qəzzanın şimalındakı Cəbəliyə şəhərində fələstinli qaçqın düşərgəsində azı 50 nəfərin ölümü, 150 nəfərin yaralanması ilə nəticələnən hava hücumundan bir neçə saat sonra baş verib.

İsrail ordusunun sözçüsü CNN xəbər agentliyinə hava hücumunu təsdiqləyərək, "HƏMAS-ın çox yüksək səviyyəli komandirinin" bölgədə olduğunu bildirib. Daha sonra İsrail Müdafiə Qüvvələri tərəfindən verilən açıqlamada həmin şəxsin İbrahim Biyari olduğu və onun HƏMAS yaraqlılarının oktyabrın 7-də İsrailin cənubunda törətdiyi "qanlı terror hücumunda" əsas rol oynadığı bildirilib.

Reuters-in məlumatına görə, Cəbəliyə 1948-ci ildən bəri davam edən müharibələrdən qaçan ailələrin evi olub. HƏMAS-ın açıqlamasında düşərgədə heç bir komandirin olmadığı, hücum nəticəsində 400 nəfərin öldüyünü və ya yaralandığını bildirilib. Reuters xəbər verir ki, rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

İsrail ABŞ və digərləri tərəfindən terror qruplaşması kimi tanınan HƏMAS-ı mülki əhalidən qalxan kimi istifadə etməkdə və Qəzzanın altında silah, ərzaq və digər təchizat ehtiyatı saxladığı güman edilən geniş tunel şəbəkəsinə malik olmaqda ittiham edir.

Cəbəliyə qaçqın düşərgəsinə edilən hava hücumu İsrailin bir neçə ərəb qonşusunu qəzəbləndirib. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi hücumun "bölgədə dönüşü olmayan nəticələrə" gətirib çıxaracağını bildirib. Krallıq "daha çox insan itkisinin qarşısını almaq üçün dərhal atəşkəs əldə edilməsi" çağırışını bir daha təkrar edib.

Səudiyyə Ərəbistanı hücumu "İsrailin işğalçı qüvvələrinin qeyri-insani hərəkəti" olduğunu deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü isə Telegram mesajlaşma saytında hücumun İsrail tərəfindən törədilmiş "növbəti hərbi cinayət" olduğunu bildirib.

Forum

XS
SM
MD
LG