Accessibility links

ABŞ-ın inşa etdiyi müvəqqəti estakada vasitəsilə Qəzzaya yenidən yardımlar daxil olur


Müdafiə Nazirliyi rəsmisinin cümə axşamı Amerikanın Səsinə bildirdiyinə görə, bu həftənin əvvəlində ABŞ tərəfindən inşa edilmiş müvəqqəti estakadanın çimərliyə yenidən qoşulmasından sonra strukturun istifadə edilərək, dəniz yolu ilə Qəzzaya yenidən yardım daxil olmağa başlayıb.

ABŞ ordusu pis hava şəraitinə görə keçən həftə üzən estakadanı ayıraraq, onu İsrailin Aşdod limanına köçürüb.

Hazırda tədarüklər getsə də, BMT sözçüsü Fərhan Haq bildirib ki, BMT-nin Dünya Ərzaq Proqramı uzun müddətdir davam edən təhlükəsizlik narahatlıqları səbəbindən Qəzza zolağındakı fələstinlilərə yardımın paylanmasını bərpa etməyib.

BMT-nin Dünya Ərzaq Proqramı iyunun 9-da yerli tərəfdaşlara paylanmanı müvəqqəti olaraq dayandırıb. Agentlik təhlükəsizlik yoxlaması başa çatdıqdan, BMT ərzaq paylanmasını işçilərinin və tərəfdaşlarının təhlükəsiz şəkildə hərəkət edə biləcəyinə əmin olduqdan sonra bərpa ediləcəyini bildirib.

Humanitar qrupların dediyinə görə, körpü İsrail və HƏMAS arasındakı qarşıdurma zamanı fələstinli mülki əhaliyə son dərəcədə qeyri-adekvat yardım tədarükünün artırılması səylərinin bir hissəsidir.

Qəzzaya yardım yük maşınlarının İsrailin yoxlama məntəqələrində uzun müddət saxlanması səbəbindən gec daxil olurdu. Birləşmiş Ştatlar və digər dövlətlər son aylar Qəzzaya onlarla dəfə havadan ərzaq atsa da, havadan atılan yardım dəniz və ya quru vasitəsilə çatdırılan yardımdan daha az səmərəlidir və çox az təmin edir.

İnşası mayın ortalarında tamamlanan estakada cəmi bir neçə gün fəaliyyət göstərib. Estakada may ayının sonlarında fırtınalı hava nəticəsində zədələndikdən sonra iyunun 8-dək fəaliyyətini dayandırmışdı.

ABŞ Mərkəzi Komandanlığı gözlənilən sərt hava şəraitrinə görə yenidən zərər dəymənin qarşısını almaq üçün keçən həftə estakadanı yenidən ayırıb.

Pentaqon körpünün müvəqqəti tədbir kimi hazırlandığını və Qəzzaya 3500 ton yardımın çatdırılmasına imkan verdiyini bildirib.

Forum

XS
SM
MD
LG