Accessibility links

Gənc hollandları səsvermədə iştirak etməyə təşviq edən kampaniya [Video]


Bir çox niderlandlı gənc səsvermədə iştirak etmir. İlk dəfə səs verən gəncləri cəlb etmək üçün aparılan Tvitter kampaniyası çox qısa zamanda bütün ölkə boyu 850 min gənci səsvermədə iştirak etməyə çağıran bir təşəbbüsə çevrildi. Bir neçə gün ərzində Stembus 2017 adlanan təşəbbüs yüzlərlə könüllüyü və sosial mediada minlərlə izləyicisi olan sponsorları cəlb etdi.

Gənc hollandların üçdə birindən çoxu səsvermədə iştirak edəcək qədər siyasətlə maraqlanmır.

Siyasətçilər seçki kampaniyası aparanda gənclərə əhəmiyyət vermirlər, ona görə də, onlar arasındakı uçurum getdikcə daha da böyüyür. Mən insanların səsvermədə iştirak etmələrini və siyasətçilərin bizim nəslin güclü olduğunu görmələrini istəyirəm.
Tim Hofman

“Ötən dəfə mən siyasətlə maraqlanmadığım üçün səs vermədim,” deyə bir tələbə bildirir.

“Mən seçki ilə bağlı çox şey bilmədiyim üçün səs vermədim,” bir digər tələbə deyir.

Sosial mediada başlayan bir kampaniya artıq ölkəboyu keçirilən Stembus 2017 adlı təşəbbüsə çevrilib. Niderlandda tanınmış televiziya aparıcısı gəncləri martda keçiriləcək ümumxalq səsvermədə iştirak etməyə təşviq edən bu kampaniyaya başçılıq edir.

“Siyasətçilər seçki kampaniyası aparanda gənclərə əhəmiyyət vermirlər, ona görə də, onlar arasındakı uçurum getdikcə daha da böyüyür. Mən insanların səsvermədə iştirak etmələrini və siyasətçilərin bizim nəslin güclü olduğunu görmələrini istəyirəm,” təşkilatçı Tim Hofman deyir.

Minlərlə tələbənin yaşadığı Leiden şəhərində könüllülər universitetdə broşurlar paylayırlar və beləcə gənc insanları səsvermədə iştirak edib, demokratiyanı qeyd etməyə təşviq edirlər.

Gələn seçkidə namizədlər gənc seçiciləri hədəf alan debatlarda iştirak etmək istəyirlər. Onların gənclərə necə xitab edəcəkləri barədə bəzi ideyaları da var.

“Aydın dildə danışın, siyasi dildə deyil. Sadə vətəndaş kimi danışın və əgər Sizə sual verirlərsə, görəcəyiniz konkret tədbirlər barədə danışın,” deyə siyasətçi Jak Monaş bildirir.

Niderlandda seçki
Niderlandda seçki

Belə görünür ki, debat bir çoxlarını artıq səs verməyə təşviq edib.

“Bu səfər mən səs verəcəm, çünki indi səsvermə hüququmdan istifadə etməli və səsimi eşitdirməli olduğuma inanıram”- keçən seçkidə iştirak etməyən tələbə Selin Overdijk.

“Debatı izləyəndən sonra, düşünürəm ki, səsvermədə iştirak edəcəm,” tələbə Larissa Şires bildirir.

Stembus 2017 martın 15-də keçiriləcək seçkilərə qədər hələ daha çox məktəb və universiteti ziyarət edəcək.

XS
SM
MD
LG