Accessibility links

Gəncədə icma inkişafı üzrə konfrans keçirilib


Gəncədə icma inkişafı üzrə konfrans keçirilib
Gəncədə icma inkişafı üzrə konfrans keçirilib

Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) Azərbaycanda icma inkişafı prosesini, icma əsaslı sosial-iqtisadi inkişaf layihələrinin yerinə yetirilməsi üçün icma səfərbərliyi sahəsində uğurlar, çətinliklər və əldə olunmuş təcrübələri müzakirə etmək məqsədilə konfrans keçirilib. 120 nəfərədək iştirakçısı olan konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən təşkil olunub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, icma inkişafı üzrə ikinci konfransda İqtisadiyyat Nazirliyinin Gəncə, Yevlax və Xaçmaz rayonlarında yerləşən regional ofisləri, səkkiz rayonun yerli icra hakimiyyətləri, icma liderləri, icma inkişafı layihələrini yerinə yetirən təşkilatlar və USAID nümayəndələri iştirak edib.

EWMI-in yerli nümayəndəliyinin rəhbəri Tim Madiqan bildirib ki,SEDA proqramı çərçivəsində təşkilat 65 icmada 97 000-ə yaxın insana fayda verən 73 icma layihəsi tamamlayıb. Bu layihələr elektrik enerjisinin yaxşılaşdırılması, yolların təmiri, tibb məntəqələrinin tikintisi, məktəblərdə istilik sistemlərinin qurulması və digər layihələri əhatə edib.

USAID-in Missiya Direktoru Mikaela Meredis vurğulayıb ki, proqramın verdiyi fayda icmaların mühüm sosial-iqtisadi ehtiyaclarının qarşılanmasından da kənara çıxır.

“EWMI, USAID və Azərbaycan hökuməti ilə tərəfdaşlıq vasitəsilə ölkənin müxtəlif icmaları öz mühüm ehtiyaclarını qarşılamaq məqsədilə müxtəlif tərəflərlə səmərəli əməkdaşlıq münasibətləri qurmağı öyrənirlər. Bütün bunlar, inkişaf məqsədlərinə çatmaq üçün icmaların, vətəndaş cəmiyyətinin və hökumətin birgə necə çalışa biləcəklərinin bariz nümunəsidir”, o qeyd edib.

Konfrans iştirakçıları həmçinin 2015-ci ilin mayında Gəncədə keçirilmiş İcma inkişafı üzrə birinci konfransdan bəri keçən bir il ərzində icma layihələrinin icrasında əldə olunan irəliləyişləri qeyd edib. İştirakçılar eyni zamanda regionlarda icma inkişafı üzrə yeni imkanları və təşəbbüsləri müəyyən edib.

XS
SM
MD
LG