General Motors şirkətinin bu yaxınlarda 2035-ci ilə qədər ağır yük maşınlarından başqa tamamilə elektriklə işləyən avtomobillər istehsal edəcəyinə dair vədinin benzinlə işləyən avtomobillərdən imtina edilməsinə böyük təkan verəcəyi gözlənilir.
Bu, iddialı bir hədəfdir: cəmi 14 il sonra yalnız elektriklə işləyən minik avtomobilləri, kiçik yük maşınları və idman tipli avtomobillər istehsal etmək və beş il sonra karbon tullantıları olmayan bir şirkətə çevrilmək.
"Gələcəyə baxışımız qəzalar, tullantılar və tıxaclar olmayan bir dünyadan ibarətdir" - deyə, General Motors şirkətinin rəhbəri Meri Barra bildirib.
Bu, planetin istiləşməsinə gətirib çıxaran fosil yanacağından asılılığın və karbon dioksid tullantılarının azaldılması deməkdir.
General Motors şirkəti 2010-cu ilin dekabrında Chevy Volt elektrik və benzinlə çalışan hibrid avtomobili ilə yaşıl bazara erkən giriş edib.
Ancaq 2019-cu ildə GM Kaliforniya və daha sonra digər 12 ştatın tərəfindən təsdiqlənmiş sərt yanacaq emissiya standartlarına qarşı mübarizə aparlılmasında Tramp administrasiyasının tərəfində idi. Ford şirkətinin keçmiş baş iqtisadçısı və vitse-prezidenti olan prfeossor Zimmerman ABŞ-ın yeni rəhbərliyi dövründə trayektoriyanın dəyişdiyini qeyd edib.
"Düşünürəm ki, General Motors tərəfindən işin yenidən qurulması baş verir və şübhəsiz ki, bu, onların siyasətini və ya baxışlarını Bayden administrasiyasının istiqamətləndiyi yola uyğunlaşdırır" - deyə, Miçiqan Universitetinin Professoru Martin Zimmerman qeyd edib.
Avtomobil sənayesi də yavaş da olsa bu istiqamətdə gedir.
Tesla startapı elektriklə işləyən nəqliyyat vasitələrinin istehlakçıların rəğbətini qazana biləcəyini sübut etdi. Ancaq təhlilçilər qeyd edirlər ki, ABŞ bazarı kiçik olaraq qalır.
“EV (elecrtic vehicle - elektriklə işləyən avtomobil) bazarımız hazırda 2 faizə yaxındır. Dünyanın qalan hissəsində isə Avropa keçən rübdə 10 faizə çatdı” - deyə, J.D. Power şirkətinin Vitse-Prezidenti Tayson Xomini bildirib.
Çinin EV bazarı 5%-dən çoxdur.
Dünyanın lideri Norveçdə elektrikli nəqliyyat vasitələrinin bazar payı 50 faizi ötüb.
Lakin amerikalılar daha çox istehsalçılar üçün yüksək gəlirli və daha çox yanacaq tələb edən böyük SUV və yük maşınlarını sevirlər.
“Keçən il ABŞ-dakı bütün satışların 70%-ni SUV və ya yük maşınları təşkil edirdi. Beləliklə, elektrikli nəqliyyat vasitələrini satmaqdan söhbət gedirsə, bu seqmentlər olmalıdır” - Avto Gələcək Qrupundan Bryus Belzovski qeyd edib.
Ancaq bu çətindir. Elektrikli nəqliyyat vasitələri dizayn edildikdə, yük maşınları və SUV-lər daha az gəlirli olacaq.
Bununla belə, GM bu il böyük Hummer elektrik pikapını buraxacaq və on illiyin sonuna qədər daha geniş çeşidlər təklif edəcək.
Elektrikli nəqliyyat vasitələri üçün batareyalar da bahadır.
"Ancaq batareyanın qiymətinin çox sürətlə enəcəyinə dair gözlənti var və bundan başqa “Tesla”nın elanlarını izləməyə davam etdiyimiz zaman görürük ki, miqyas daha da artır" - deyə, Tayson Homini bildirib.
İndi xüsusən də uzun səyahətlər üçün yükləmə stansiyalarının sayı məhduddur. J.D. Power şirkətinin sonuncu sorğusu bunun elektrikli avtomobil sahiblərini narahat etdiyini göstərir.
“Çox güman ki, bu problemi həll etmək üçün dövlətin köməyinə ehtiyac olacaq. Bununla demək istədiyim odur ki, yükləmə məntəqələri olmasa, istehlakçılar avtomobilləri almayacaq, amma insanlar qazanc əldə edəcəkləri vasitələr olmadığı təqdirdə yükləmə məntəqələrinə investisiya qoymaq istəməyəcək” - deyə, Miçiqan Universitetinin Professoru Martin Zimmerman qeyd edib.
Dövlətin təşviqi, istehlakçı tələbinin artması, inkişaf etmiş texnologiya, genişləndirilmiş infrastruktur və qiymət endirimləri. Elektrikli nəqliyyat vasitələrinin bazarda üstünlüyə malik olmasından öncə həll edilməli bir çox məsələ var.