Accessibility links

Gürcüstan parlament seçkiləri ərəfəsində


Gürcülər ölkənin siyasi taleyini həll edəcək seçkilərdə səs verəcək

Bazar ertəsi Gürcüstanda partlament seçkiləri keçiriləcək. Yeni partlament ölkənin baş nazirini seçəcək.

Keçmiş Sovet İttifaqı ölkələrində çox nadir hal olaraq seçkinin nəticələrini əvvəlcədən müəyyən etmək mümkün deyil. Prezident Mixail Saakaşvili səkkiz il bundan əvvəl hakimiyyətə gəldikdən sonra ən güclü bir rəqabətlə qarşılaşıb.

Onun rəqibi Gürcüstanın ən zəngin adamı olan Bidzina İvanişvilidir. Uzun illərdir xeyriyyəçi kimi tanınan İvanişvili Gürcüstan siyasətində yeni sima kimi çıxış edir.

Bazar ertəsi seçkilər milyarder İvanişvilinin milyonlarla seçicini onun “Gürcü arzusu” koalisiyasına səs verməyə inandıra bilib-bilməməsi üçün bir test olacaq.

Tbilisidə ibtidai məktəb müəllimi olan Keti Tsiptauri İvanişvililin Gürcüstanda xeyriyyə məqsədilə külli miqdarda vəsait sərf etməsini rəğbətlə qarşılayır. O, İvanişvilinin universitet binasının bir hissəsini təmir etdiyini deyərək, gürcülərin ona minnətdar olduğunu bildirir.

Böyük rəqabət şəraitində keçən seçkilər post-sovet dövrü Gürcüstanın avtoritar qonşuluqda demokratiya adası kimi imicinin möhkəmlənməsinə gətirib çıxara bilər.

2003-cü ildə saxta parlament seçkilərinə qarşı rəhbərlik etdiyi Qızılgül inqilabı nəticəsində hakimiyyətə gələn prezident Mixail Saakaşvili Gürcüstan siyasətində dominant fiqur olmuşdur.

Cümə günü axşam onun 55 min tərəfdarı Tbilisidə stadionda toplaşmışdı. Lakin əvvəlki illərdən fərqli olaraq, bu insanların çoxu buraya rayonlardan hökumət avtobusları ilə gətirilmişdi.

Telavi şəhərindən gəlmiş Nunu prezident Saakaşviliyə dəstək verdiyini deyir. “O, əlindən gələni edir. Yollar salır. Biz onu seivirik”-deyə o, Amerikanın səsinə bildirir.

2008-ci ildə Rusiya ordusunun Gürcüstana müdaxilə etməsi gürcülərin Saakaşviliyə münasibətinə də təsirini qoydu. O vaxtdan dörd il keçir, amma rus əsgərlər hələ də Gürcüstandan ayrılmaq istəyən iki regionda qalır.

Keçən həftə müxalifət tele-kanallarında Gildani həbsxanasının mühafizəçilərinin məhbusları döyüb təhqir etdiyi video görüntüləri açıqlaması cənab Saakaşvili üçün daha bir zərbə oldu. Prezident daxili işlər nazirini vəzifəsindən azad etdi, lakin həbsxanadakı etiraz dalğası şəhərin mərkəzinə qədər gəlib çıxdı.

Həbsxananın qarşısında adının açıqlanmasını istəməyən Mumuku oğlunun dörd ildir həbsdə olduğunu deyir. O, videonu şoki kimi qarşılayıb. “Adamlar həbsxanalarda baş verənlərdən xəbərdardır. Bu haqda məlumatlar verilmişdi, amma heç kəs vəziyyətin bu qədər pis olduğunu bilmirdi”-deyə o, Amerikanın səsinə bildirib.

Gürcüstanda Strateji və Beynəlxalq Araşdırmalar fondunun prezidenti Aleksandr Rondeli videonun ciddi siyasi nəticələri olduğunu deyir. “İqtidar partiyasının bu problemi aradan qaldırmaq üçün kifayət qədər vaxtı yoxdur, ona görə də bu, çox olduqca ciddi bir məsələdir. Məsələnin ciddiliyini isə seçkilər göstərəcək”-deyə o söyləyir.

Həbsxanada baş vermiş qalmaqalla əlaqədar minlərlə universitet tələbəsi İvanişvilinin tərəfdarlarını sıralarına qoşuldu.

Şənbə günü İvanişvili seçki kampaniyasını paytaxt Tbilisidə 100 min tərəfdarının yürüşü ilə başa çatdırdı.

Seçki kampaniyası bitib. Gürcüstanın siyasi gələcəyi onun seçicilərinin əlindədir.
XS
SM
MD
LG