Accessibility links

Gürcüstan parlamenti Avropa İttifaqının etiraz etdiyi "xarici agentlər" qanun layihəsinin qəbuluna çalışır


Avropa İttifaqının ölkənin üzvlüyə yolunu bağlayacağını deməsinə və üçüncü gecədir ölkədəki etirazlara baxmayaraq, Gürcüstan parlamenti çərşənbə günü "xarici agentlər" haqqında ilkin qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi Sovet İttifaqının dağılmasından 33 il sonra Gürcüstanın Qərbə inteqrasiya, yoxsa Rusiyaya yaxınlaşmaq niyyətində olub-olmaması ilə bağlı sınaq kimi qiymətləndirilir.

Tənqidçilər qanun layihəsini Rusiyanın müxalifəti susdurmaq üçün geniş şəkildə istifadə etdiyi qanunla müqayisə edir.

Polisin etirazçıları binadan uzaqlaşdırmaq üçün bibər qazından istifadə etməsindən bir gün sonra qanun layihəsinin 10 minə qədər əleyhdarı parlamentin qarşısında toplaşaraq, avtomobillərin və binaların üstündə oturub.

Qanun layihəsinin əsas müdafiəçisi olan Baş nazir İrakli Kobaxidze ilə görüş tələb edən minlərlə etirazçı polisin ciddi mühafizə etdiyi hökumət binasının qarşısına keçib.

Əksəriyyəti dəbilqə və maskada olan bəzi nümayişçilər binanın qarşısında polislə əlbəyaxa olub.

Səsvermə zamanı 150 deputatdan 83-ü lehinə səs verib. Müxalifətdən olan deputatlar səsverməni boykot edib. Qanun layihəsi qüvvəyə minməzdən əvvəl daha iki oxunuşdan keçməlidir.

Bu, maliyyələrinin 20%-dən çoxunu xaricdən alan təşkilatların xarici təsir agentləri kimi qeydiyyatdan keçməsini tələb edəcək.

Səsvermədən qısa müddət sonra Avropa İttifaqı bəyanatında "Bu, çox narahatedici inkişafdır və bu qanunvericiliyin yekun qəbulu Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə mənfi təsir göstərəcək. Bu qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə uyğun deyil" deyilib.

Bildirilib ki, təklif olunan qanunvericilik "vətəndaş cəmiyyəti və media təşkilatlarının azad fəaliyyət imkanlarını, ifadə azadlığını məhdudlaşdıra və Gürcüstan vətəndaşlarına fayda verən təşkilatları ədalətsiz şəkildə ləkələyə bilər".

Avropa İttifaqı Gürcüstanı "Avropa İttifaqı yoluna xələl gətirə biləcək qanunları qəbul etməkdən çəkinməyə" çağırıb. ABŞ və Britaniya da Gürcüstanı bu qanun layihəsini qəbul etməməyə çağırıb.

İnterpressnews-un Baş nazirə istinadən dediyinə görə, Qərb siyasətçiləri qanun layihəsinə qarşı bir dənə də olsun əsaslı arqument irəli sürməyib və onların bəyanatları hökuməti fikrini dəyişməyə sövq etməyəcək.

Prezident Salome Zurabişvili qanun qəbul olunarsa, ona veto qoyacağını bildirib. Lakin parlament onun vetosunu ləğv etmək səlahiyyətinə malikdir.

Forum

XS
SM
MD
LG