Accessibility links

Gürcüstanın həbsdə olan eks-prezidenti müalicə üçün klinikaya yerləşdirilib


Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müalicə olunmaq üçün Tbilisidəki təcridxanadan özəl tibb müəssisəsinə köçürülüb.

Gürcüstan rəsmiləri mayın 12-də bildiriblər ki, Saakaşvili bir neçə günlük danışıqlardan sonra Gürcüstan paytaxtının "Vivamed" klinikasına yerləşdirilib.

Saakaşvilinin həkimləri bildiriblər ki, sabiq prezident güclü posttravmatik stress və çox güman ki, həbsdə olarkən iki ayrı aclıq aksiyası keçirdikdən sonra yaranmış iştahsızlıqdan əziyyət çəkir.

Həkimlər belə qənaətə gəlib ki, 54 yaşlı Saakaşviliyə xəstəliklərinə görə təcili və kompleks nevropsixoloji və fiziki müalicə lazımdır.

Saakaşvilinin qohumları, dostları və tərəfdarları onun müalicə üçün xaricə getməsinə icazə verilməsini tələb ediblər.

Bu həftənin əvvəlində Gürcüstanın ədliyyə naziri Rati Breqadze Saakaşvilinin müalicə üçün mülki tibb klinikasına köçürülməsini təklif edib.

Breqadzenin bəyanatı Tbilisi məhkəməsinin səhhətinə görə iştirak edə bilmədiyi üçün keçmiş prezidentin mənimsəmə ittihamı ilə məhkəməsini təxirə salmaq qərarına gəldiyi gün yayılıb.

2004-cü ildən 2013-cü ilə qədər prezident vəzifəsində çalışmış Saakaşvili oktyabrın 1-dən Gürcüstana qayıtdıqdan qısa müddət sonra həbs edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilindikdən sonra altı il həbs cəzasına məhkum edilib. O bu ittihamı siyasi motivli adlandırır.

Hazırda o, 2007-ci ilin noyabrında hökumət əleyhinə nümayişi zorakılıqla dağıtmaq və sərhədi qanunsuz keçməkdə ayrı-ayrı ittihamlarla mühakimə olunur. Şaakaşvili bu ittihamları da rədd edərək, onları uydurma adlandırıb.

XS
SM
MD
LG