Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verdiyini və hakim Gürcü Arzusu partiyasının sədri vəzifəsinə keçdiyini bəyan edib. O, nə onu kimin əvəz edəcəyini, nə də partiyanın hazırkı sədri İrakli Kobaxidzenin hansı vəzifəyə keçəcəyi ilə bağlı məlumat verib. Lakin hökumət mediası da daxil olmaqla, kütləvi informasiya vasitələri Gürcüstanın yeni Baş nazirinin məhz İrakli Kobaxidze olacağını iddia edir.
Jurnalistlərin məlumatına görə, bu qərar yanvarın 24-də Gürcü Arzusu-nun Siyasi Şurasının iclasında qəbul edilib. Baş nazirliyə namizəd isə fevralın 1-də partiyanın qurultayında rəsmən təqdim olunacaq.
Qaribaşvilinin xüsusi brifinqdə dediyi kimi o, istefası barədə qərarını əvvəlcə, "komanda ilə", yəni Gürcü Arzusu-nun liderləri ilə müzakirə etdikdən sonra verib.
"Siyasi komandamızın ən mühüm komponentlərindən biri rotasiya prinsipinə əsaslanan daxili demokratiyadır. Komandamızda bacarıqlı liderlər çoxdur və başqalarına da özlərini sübut etmək imkanı vermək gərəkdir. Siyasi Şurada yaya, seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etdiyimi sizdən gizlətmirəm. Lakin bunu indi etmək qərarına gəldim. Növbəti baş nazirin vaxtında öz komandasını təqdim etməsi və yeni hökuməti formalaşdırması vacibdir" - deyə, Qaribaşvili bildirib.
Xatırladaq ki, bu, artıq 2013-2015-ci illərdə baş nazir vəzifəsində çalışmış İrakli Qaribaşvilinin ikinci istefasıdır. O vaxt o, "vətəninin sadiq əsgəri" olaraq qaldığını deyərək, bu vəzifəni öz istəyi ilə tərk etdi. Ondan sonra Qaribaşvili baş nazir vəzifəsinə 2021-ci ildə, hakim partiya ilə fikir ayrılığına görə istefa verən Giorgi Qaxarianı əvəzləyərək, qayıdıb
45 yaşlı İrakli Kobaxidzeyə gəlincə, o, Gürcü Arzusu-nun əsas spikerlərindən biridir. 2021-ci ilin yanvarından Kobaxidze Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının sədri vəzifəsini tutub. Ona qədər, 2016-2019-cu illərdə Gürcüstan parlamentinin spikeri olub. Kobaxidze ixtisasca hüquqşünasdır. O, Tbilisi Dövlət Universitetində və Düsseldorfda, Almaniyanın Heinrich Heine Universitetində hüquq üzrə bakalavr və magistr dərəcələrini alıb.
Gürcüstan müxalifəti hökumət dəyişikliyinin əslində sadəcə "formallıq”"olduğuna əmindir. Hakimiyyətin əleyhdarları bu kastinqi Gürcü Arzusu partiyasının yaradıcısı, 2023-cü ilin dekabrında partiyanın “fəxri sədri” kimi siyasətə qayıdan milyarder Bidzina İvanişvilinin təşəbbüsü hesab edir. Bundan əvvəl İvanişvili siyasəti iki dəfə, özünün dediyi kimi "həmişəlik" tərk edib.
Müxalifət faktiki qeyri-rəsmi olaraq, 2012-ci ildən, keçmiş prezident Mixail Saakaşvilinin partiyasını əvəz edərək, Gürcü Arzusu-nun hakimiyyətə gəldiyi vaxtdan bəri ölkədəki bütün əsas qərarları İvanişvilinin verdiyini iddia edir.
Forum