Accessibility links

Almaniya Ukraynaya müdaxilə olsa “Şimal Axını 2” kəmərinin hədəf alınacağı haqda xəbərdarlıq edib 


Almaniya və ABŞ xəbərdarlıq edib ki, Rusiya Ukraynaya müdaxilə etdiyi halda mübahisəli “Şimal axını 2” qaz kəməri hədəfə alına bilər.

ABŞ və Qərb müttəfiqləri Ukrayna ilə sərhəddə on minlərlər əsgər cəmləşdirmiş Rusiyanın müdaxilə etdiyi halda sanksiyalar tətbiq edəcəyinə söz verərək, diqqəti yeni qaz kəmərinə yönəldib.

Rusiyadan Almaniyaya 1225 km uzunluğunda qaz kəməri işə salınmağa hazırdır və tənzimləyicilərin təsdiqini gözləyir. Enerji layihəsi gəliri mövcud boru kəmərlərindən asılı olan ənənəvi tranzit ölkəsi Ukraynadan yan keçərək Almaniyaya qaz axınını ikiqat artıracaq.

“Biz Qərb müttəfiqləri ilə güclü sanksiyalar paketi üzərində işləyirik və bu “Şimal axını 2” daxil olmaqla, bir neçə aspekti əhatə edir" - deyə, Almaniyanın xarici işlər naziri Annalena Baerbok yanvarın 27-də parlamentdə çıxışında bildirib.

Xəbərdarlıqdan əvvəl Almaniyanın ABŞ-dakı səfiri Emili Haber Twitter hesabında yazıb ki, “Əgər Rusiya enerjidən silah kimi istifadə edərsə və ya Ukraynanın suverenliyini növbəti dəfə pozarsa, Şimal axını 2 də daxil olmaqla, heç nə masadan kənarda qalmayacaq”.

Mövzu ilə bağlı müzakirələrin fevralın 7-də Ağ Evdə ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolz arasında planlaşdırılan görüşün gündəmində əsas yer alacağı gözlənilir.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland daha sonra jurnalistlərə bildirib ki, “Rusiya bu və ya digər şəkildə Ukraynaya müdaxilə etsə, “Şimal axını 2” irəliləməyəcək.

"Biz diplomatiyaya üstünlük verməkdə yekdilik, bir fikirdəyik. Amma biz ümumilikdə qərar vermişik ki, əgər Moskva dialoq təklifimizi rədd edərsə, bunun nəticəsi tez və baha başa gələcək" deyə Nuland bildirib.

Yanvarın 26-da ABŞ Rusiyanın Ukrayna və Gürcüstanın bir zaman NATO-ya üzvlüyünün qarşısını almaq kimi əsas tələbini rədd edərək böhrandan çıxış üçün “ciddi diplomatik yol” təklif edib.

XS
SM
MD
LG