Türkiyədə Qərb müttəfiqləri və insan haqları qrupları tərəfindən kəskin tənqidlərə səbəb olan məhkəmə işi çərşənbə axşamı sona çatıb. Türkiyə məhkəməsi 2013-cü ildə “Gezi Parkı” etirazlarında rol alan iş adamı Osman Kavala və digər 8 müttəhimə bəraət hökmü verib.
Qərar elan olunarkən məhkəmə salonunda alqışlar səslənib və bəzi insanlar ağlayıb. Türkiyədə ədalətin sınağı kimi qiymətləndirilən bu işdə müttəhimlərə ittiham hökmü veriləcəyi gözlənilirdi.
Xeyriyyəçi Kavalanın iki ildən çox həbsdə qalmasından sonra onun sərbəst buraxılması haqda əmr verilib. Dekabr ayında Avropa İnsan Haqları Məhkəməsi onun cinayət törətdiyinə dair əsaslı şübhə olmadığını deyərək, dərhal sərbəst buraxılmasını tələb edib.
Kavala və digər iki təqsirləndirilən şəxs şərti cəza olmadan ömürlük həbs cəzası ilə üzləşmişdi. Digər müttəhimlər isə etiraz nümayişləri təşkil edərək, hökuməti devirməyə cəhd etməkdə günahlandırıldı.
Kavala o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğana qarşı keçirilən etiraz aksiyalarının təşkili və maliyyələşdirməsi yolu ilə hökuməti devirməyə cəhd etmək ittihamı əsasında nəzarət altına alınmışdı. Kavala bu ittihamları rədd edib. Etirazlar İstanbulun Gezi Parkında başlayıb və bir neçə ay ərzində ölkə boyu yayılıb.
Ərdoğan hökumətinin tənqidçiləri xüsusilə 2016-cı ildəki çevriliş cəhdindən sonra başlayan basqılardan bəri Türkiyə məhkəmələrinin müstəqilliyinə şübhə ilə yanaşır.