Accessibility links

Gibraltar İran tankerini saxlamaq üçün ABŞ-ın təzyiqlərini rədd edib


İranın tankeri Gibraltar boğazında, 18 avqust, 2019.
İranın tankeri Gibraltar boğazında, 18 avqust, 2019.

Gibraltar (Cəbəllütariq) rəsmiləri Birləşmiş Ştatların İranın super tankerini saxlamaq üçün göstərdiyi təzyiqləri rədd edərək, gəminin Avropa İttifaqının Suriya ilə bağlı sanksiyalarını pozmaq cəhdi ilə əlaqədar olaraq keçən ay saxlanmasından sonra yenidən sularda üzməsinə yol açıb.

İranın Britaniyadakı səfiri Hamid Baeidinejadın Twitter səhifəsində yazdığı mesaja əsasən, gəminin bazar günü axşam Gibraltarı tərk etməsi görzlənilirdi.

Tankerin buraxılması İran və Qərb arasında prezident Donald Trampın Vaşinqtonun Tehran və dünya qüdrətləri arasında imzalanmış nüvə sazişindən çıxması haqda bir il bundan əvvəl verdiyi qərarından sonra gərginliklərin artdığı bir vaxta təsadüf edir.

Tankerin Britaniyanın xarici ərazisi olan Giraltar yaxınlığında iyul ayında saxlanmasından sonra İran Britaniya bayrağı altında üzən Stena İmpero neft tankerini ələ keçirib. Tanker hələ də İslam Respublikası tərəfindən saxlanılır. Təhlilçilərin fikrincə, İran tankerinin Gibraltar tərəfindən buraxılmasından sonra Stena İmpero gəmisi də buraxıla bilər.

Gibraltar hökumətinin bazar günü bildirdiyinə görə, İran tankeri “Avropa İttifaqının İran rejiminə qarşı Gibraltarda da tətbiq edilən sanksiyalar rejiminin ABŞ-da tətbiq ediləndən daha kiçik miqyasda olması” ilə əlaqədar buraxılıb.

Birləşmiş Ştatlar gəminin buraxılmasını dayandırmaq üçün sonuncu dəfə cəhd göstərərək, cümə günü ABŞ sanksiyalarının pozulması, eləcə də çirkli pulların yuyulması və terrorizmlə əlaqədar olaraq tanker və onun daşıdığı 2.1 milyon barrel xam neftin saxlanması üçün order təqdim edib.

ABŞ rəsmiləri müxbirlərə bildiriblər ki, gəminin daşıdığı neftin dəyəri təxminən 130 milyon dollar təşkil edir və bu maliyyə terrorçu kimi tanınan təşkilatların terror əməliyyatları üçün nəzərdə tutulub.

Açıqlanan məhkəmə sənədlərində göstərilib ki, İranın İslam İnqilabı Qvardiya Korpusu qurama şirkətlər şəbəkəsi vasitəsilə gəminin əsl sahibkarıdır.

Gibraltar rəsmiləri isə bildiriblər ki, İranın İnqilab Korpusu Birləşmiş Ştatlarda olduğu kimi Avropa İttifaqı, Birləşmiş Krallıq və Gibraltar tərəfindən terrorçu təşkilat kimi tanınmayıb.

XS
SM
MD
LG