Yanvarın 7-də gənc fəal Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında özünü yandırmağa cəhd edib.
Gənc fəalın anası Şura Əmiraslanovanın Amerikanın Səsinə verdiyi məlumata görə, fəal Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə görə etiraz etdiyini bildirib.
"Qiyas öz kompensasiyasını istəyir," Əmiraslanova deyib.
Qiyas İbrahimov üzərinə benzin tökərək əlində alışqanı tutub.
Prezident Administrasiyasının mühafizə xidməti və polis əməkdaşları onun əlindən kanistri alaraq, özünü saxlayıb.
Qiyas İbrahimovun anasının sözlərinə görə, hazırda onlar 9-cu polis bölməsindədir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Turan"a məsələ ilə bağlı açıqlama veriləcəyi söylənilib.
Xatırlatma
Qiyas İbrahimov 2016-cı ilin mayında digər fəal, mərhum Bayram Məmmədovla birlikdə Heydər Əliyevin abidəsi üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdi. Onlar hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onların hər ikisi 2019-cu il martın 16-da prezident İlham Əliyev tərəfindən əfv olunub.
Hüquq müdafiəçiləri hər iki şəxsi siyasi məhbus kimi tanıyıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir.
2020-ci ilin fevralın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Bayram Məmmədov və Qiyas İbrahimovun şikayəti ilə bağlı qərarını elan edib. Qərara görə, Azərbaycan hökuməti Qiyas İbrahimova 30 min avro ödəməlidir.