Accessibility links

Prezident Əliyev Rusiya baş nazirinin müavini ilə görüşüb


Dekabrın 16-da Bakıda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası olub.

"Biz danışıqlara çox vaxt itirdik, mürəkkəb müzakirələrə səbəb olan bir sıra məsələləri müzakirəyə çıxardıq", RİA agentliyi komissiyanın Rusiya tərəfdən sədri, baş nazirin müavini Dmitri Roqozindən sitat gətirir.

Komissiyanın Azərbaycan tərəfdən sədri, baş nazirin müavini Yaqub Eyyubov öz növbəsində bildirib ki, "Rusiya təkcə iqtisadi tərəfdaş deyil, həm də regionun təhlükəsizliyinin qarantıdır. Rusiya çalışır ki, hər yerdə sülh olsun, ölkələrin daxili işlərinə müdaxilə olmasın".

"Kommersant" qəzeti Roqozinin İlham Əliyevə Bakının kəskin narazılığına səbəb olan Ermənistana "İsgəndər" raketlərinin ixracının səbəbləri haqqında məlumat verəcəyini yazıb.

Amma Azərbaycan prezidentinin rəsmi saytının Roqozinin Əliyevlə görüşü barədə yaydığı məlumatda bu məsələlərə toxunulmayıb.

Rəsmi saytın məlumatına görə, tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daim yüksək səviyyədə əməkdaşlıq, dostluq, qarşılıqlı anlaşma prinsipləri ilə xarakterizə olunduğunu bildirib.

Rusiya Baş nazirinin müavini deyib ki, Rusiya-Azərbaycan əlaqələri artıq yeni istiqamətləri əhatə edərək yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açır.

XS
SM
MD
LG