“GRECO Dördüncü Dəyərləndirmə mərhələsi çərçivəsində Azərbaycana ünvanlanan tövsiyələrin yerinə yetirilməsində bəzi irəliləyişin olmasını nəzərə alır. İyirmi bir tövsiyədən yalnız on dördü qənaətbəxş şəkildə icra edilib, dörd tövsiyə qismən icra edilib və üç tövsiyə icra edilməyib.”
Bu barədə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 29 oktyabr 2020-ci ildə qəbul etdiyi “Parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanının qarşısının alınması” sənədinin Azərbaycan üzrə İkinci Uyğunluq Hesabatına dair Əlavənin Dördüncü Raund Dəyərləndirmə hesabatı ilə bağlı bu gün, mayın 19-da yaydığı məlumatda deyilir.
GRECO Azərbaycanın icra etmədiyi tövsiyələrdən birinin millət vəkilləri üçün gəlir bəyannamələrinin formasının tez bir zamanda müəyyənləşdirilməsi və bəyannamələrin məxfiliyinin aradan qaldırılmasıdır.
“Millət vəkilləri üçün maliyyə xarakterli məlumatların təqdim olunma mexanizminin işə düşməsi təmin edilsin və bu tələblərə əməl edilmədiyi təqdirdə çəkindirici və proporsional cəza növlərinin tətbiqi və tətbiq edilmiş cəzanın əsaslandırılması barədə məlumatlar ictimailəşdirilsin.”
GRECO hökumətə bu tövsiyəni icra etməyə сiddi şəkildə çağırış edir.
"Çünki bunu etməmək, aktivlərin açıqlanması üçün effektiv bir sistem tətbiq etmək üçün siyasi iradənin olmasını şübhə altına alacaqdır.”
İcra edilməyən tövsiyələrdən biri də Məhkəmə-Hüquq Şurasının mandatında məhkəmə hakimiyyətinin müstəqiliyinin qorunması və gücləndirilməsi ilə bağlı müddəaların aydın şəkildə göstərilməməsidir.
“Məhkəmə-Hüquq Şurasının rolu məhkəmə hakimiyyətinin tərkibində gücləndirilsin və bu xüsusilə onun üzvlərinin yarısından az olmayan hissəsinin birbaşa seçilmiş və ya həmkarları tərəfindən təyin edilən hakimlərdən ibarət olması və MHŞ-nın sədrinin hakim olan üzvlərdən seçilməsi yolu ilə təmin edilsin.”
Xatırladılır ki, hökumət bu məsələ ilə əlaqədar heç bir yeni məlumat təqdim etməyib.
“GRECO məhkəmə müstəqilliyini qorumaq məqsədilə MHŞ-nın səlahiyyət müddətinin uzadılmasını məmnuniyyətlə qarşılayır. Lakin bunlarla birlikdə, GRECO qeyd olunan tövsiyənin ikinci hissəsinin, yəni MHŞ-nın üzvlərinin ən azı yarısının həmkarları tərəfindən birbaşa seçilməsini və ya təyin edilməsini, habelə sədrinin MHŞ-nın üzvü olan hakimlər sırasından seçilməsini təmin edilməsi ilə əlaqədar tövsiyənin icrasında hər hansı bir irəliləyişin olmamasına görə təəssüflənir.”
GRECO tövsiyə edir ki, məhkəmə hakimiyyətinin müstəqilliyi daha da gücləndirilməlidir.
“QRECO hesab edir ki, hakimlər üçün beş illik sınaq müddəti xeyli azaldılmalı, aydın, obyektiv və şəffaf meyarlar əsasında hakim vəzifəsinə daimi təyinatlar irəli sürülməlidir.”
GRECO tövsiyə edir ki, cinayət işlərinin istintaqı zamanı prokurorluq orqanlarının fəaliyyətinə hər hansı bir lazımsız təsir və müdaxilənin aradan qaldırılması üçün Prokurorluq haqqında Qanuna dəyişikliklər edilməsi nəzərdən keçirilməlidir.
“Bütün prokurorluq orqanlarının təşkil edilməsi, ləğv edilməsi və əsas təşkilati strukturu qanunla müəyyən edilməlidir. GRECO Prezident və Parlamentin Prokurorluğun fəaliyyəti üzərində “nəzarət” səlahiyyətlərinin müəyyən dərəcədə məhdudlaşdıran Prokurorluq haqqında Qanunda edilən dəyişiklikləri məmnuniyyətlə qarşılayır. Lakin, GRECO bütün prokurorluqların yaradılması, ləğv edilməsi və əsas təşkilati strukturunun tənzimlənməsi ilə bağlı irəliləyişin olmamasından təəssüflənir.”
GRECO tövsiyə edir ki, prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi qaydası prioritet məsələ kimi müəyyən edilsin, bütün prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi üzrə məxfilik aradan qaldırılsın.
"Aktivlərin bəyan edilməsinə nəzarət etmək üçün Baş Prokurorluğun nəzdində müvafiq struktur yaradılsın. GRECO xatırladır ki, bu tövsiyənin icrası üçün heç bir irəliləyiş olmayıb.”
GRECO həmçinin hesab edir ki, “icra hakimiyyətinin Prokurorluq üzərindəki lüzumsuz təsiri olduqca problemli hal olaraq qalmaqdadır və prokurorlarla bağlı aktivlərin açıqlanması məsələsi ümumiyyətlə həll edilməyib.”
Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə bütün hakimiyyət qollarında uğurlu islahatlar aparıldığını bəyan edir. Bununla yanaşı, hüquq-müdafiə təşkilatları ölkədə istintaq orqanlarının və məhkəmələrin bir sıra hllarda siyasi sifarişlə qəraralar qəbul etdiyini bəyan edir.
Bu hesabata gəlincə, Azərbaycan rəsmiləri hələ sənədlə bağlı şərh verməyib.