Accessibility links

Ölümlə nəticələnən qarşıdurmadan sonra 105 futbol azarkeşi həbs edilib


Rəsmilər bazar günü bildiriblər ki, Yunanıstanın paytaxtında Afina AEK komandasının 29 yaşlı azarkeşinin ölümü ilə nəticələnən qarşıdurmada iştirak etməkdə şübhəli bilinən 105 nəfərin hamısının məhkəməyə qədər həbs olunmasına qərar verilib.

Üç hakim və iki prokuror saxlanılan azarkeşləri cümə günü 30, şənbə günü 40 və bazar günü 35 olmaqla, qrup halında dindirib və onların məhkəməyə qədər həbs edilib-edilməməsinə qərar verib. Mühafizə altında xəstəxanaya yerləşdirilən bir şübhəli onu ziyarət edən hakimə ifadə verib.

102 Xorvatiya və 3 Yunanıstan vətəndaşı Mixalis Katsurisin ölümcül bıçaqlanmasında hər hansı günahı olduğunu inkar edib.

Polisin bildirdiyinə görə, Mixalis Katsuris avqustun 7-də AEK-in "Opap Arena"sının qarşısında əllərində taxta dəyənəklər və metal parçaları olan çox sayda xorvat tərəfdarının ətrafdakılara hücumu zamanı bıçaq yarasından ölüb, daha 10 nəfər yaralanıb.

Ötən həftə "AEK" və Zaqrebin "Dinamo" komandaları arasında keçiriləcək Çempionlar Liqasının seçmə oyunu zorakılığa görə Avropa futbolunun rəhbər orqanı UEFA tərəfindən təxirə salınıb.

Rəsmilər hər hansı əlavə əlaqəni müəyyən etmək üçün cib telefonu siqnallarını iki yerdə - qarşıdurmaların baş verdiyi "AEK" stadionunun yaxınlığında və metro stansiyasında araşdırıb.

Prokurorlar 105 azarkeş haqqında cəmi 11 ittiham irəli sürüb. İttihamlardan 4-ü qəsdən adam öldürmə və cinayətkar təşkilata üzvlük də daxil olmaqla, ağır cinayətlər, qalanları isə xuliqanlıq ittihamlarıdır.

Şübhəlilər ölkə daxilində müxtəlif həbsxanalara göndəriləcək.

Forum

XS
SM
MD
LG