Bakının Nəsimi rayon Məhkəməsi prokurorluğun hüquq müdafiəçisi Oqtay Gülalıyevin komaya düşməsində həkimlərin məsuliyyətinin olmaması haqqında qərarını ləğv edib.
Prokurorluq bir illik araşdırmadan sonra 2021-ci ilin dekabrında belə bir nəticəyə gəlib ki, yol nəqliyyat hadisəsindən sonra gün ərzində Gülalıyevi müayinə və müalicə edən həkimlərin hərəkətlərində cinayət tərkibi olmayıb. Fəalın ailəsi bu qərardan məhkəməyə şikayət edib.
“Bu il, dünən, aprelin 14-də Bakının Nəsimi rayon Məhkəməsi şikayətə baxaraq, prokurorluğun qərarını ləğv edib. Məhkəmə prokurorluğun kifayət qədər araşdırma aparmadığı qənaətinə gəlib. Həkimlərin məsuliyyətinin yenidən araşdırılması üçün materiallar prokurorluğa göndəriləcək,” vəkil Şəhla Hümbətova bildirib.
Fəalın ailəsi hesab edir ki, məhz Gülalıyevə vaxtlı-vaxtında və keyfiyyətli tibbi yardım göstərməyən həkimlərin təqsiri ucbatından o, komaya düşüb. Qəzadan sonra hüquq müdafiəçisi şəhər kliniki mərkəzinə gətirildikdə onun huşu yerində və nitqi normal olub. Amma zərərçəkmiş bir gün diaqnoz qoyulmadan orada saxlanılıb, daha sonra özəl "Baku City Hospital" xəstəxanasına göndərilib.
Həmin klinikaya daxil olduqdan 13 saat sonra fəalı əməliyyat ediblər. Həm də əməliyyat Səhiyyə Nazirliyinin müdaxiləsindən sonra Neyrocərrahiyyə Mərkəzinin mütəxəssislərinin iştirakı ilə edilib.
Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. Oktyabrın 31-də isə o, "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib. Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.
Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev 2021-ci il noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.
Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.
2021-ci il yanvarın 25-də Bakının Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlamlığına ağır zərər vuran sürücü Kənan Abdullayevi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər dəyməsinə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. Bundan başqa, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.