Accessibility links

Gülmirə Aslanova: Polad Aslanov aclığı davam etdirir, danışarkən təngnəfəs olur


Gülmirə Aslanova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin qarşısında
Gülmirə Aslanova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin qarşısında

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 9-cu gündür ki, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasını davam etdirir.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, yanvarın 14-də onunla Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb.

“Qaydalara görə, Polad bu ay görüşməli deyildi. Lakin bu gün koloniya rəisi Poladın aclıq aksiyası nəticəsində vəziyyətini nəzərə alaraq onunla görüşmək imkanı yaratmaq xahişimi təmin etdi”, - deyə Gülmirə Aslanova bildirib.

Gülmirə Aslanova deyir ki, koloniya rəhbərliyi ona fiziki çəkisinin az olmasını nəzərə alaraq, Polad Aslanovun səhhətində xüsusi risklər olduğundan aclığı dayandırmağa razı salmağı təklif edib.

“Ancaq Polad aclıq aksiyasının dayandırılmasının qəti əleyhinədir. Hətta məni görəndə dərhal dedi ki, onu aksiyanı dayandırmağa razı salmayım. Ondan xahiş etdim ki, heç olmasa bazar ertəsindən quru aclıq etməsin. Polad aclıq aksiyasını davam etdirir və ancaq su içir" - deyə, Gülmirə Aslanova qeyd edib.

Gülmirə Aslanova onu da deyib ki, jurnalistin saxlanıldığı otağı təmizləyiblər.

Səhhətinə gəldikdə isə Gülmirə Aslanova qeyd edib ki, Polad Aslanov çox halsızlaşıb.

“Baş ağrıları, ayaqlarında ağrılar olur. Danışarkən təngnəfəs olur. Rəngi dümağ ağarıb. Hər gün həkim onun təzyiqini və nəbzini yoxlayır,” o bildirib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən şərh almaq mümkün olmayıb.

Yanvarın 12-də Azərbaycan Ombudsman Aparatının Milli Preveventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində xəbərdarlıq etmədən Polad Aslanova başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, Polad Aslanova qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrıldığı və onun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG