Accessibility links

“Gündəm Xəbər” qəzeti məhkəməyə verilib


Gündəm Xəbər qəzeti
Gündəm Xəbər qəzeti

Qəzetə məhkəməyə çağırış vərəqi “ZQAN HOLDİNQ”in rekviziti olan konvertdə göndərilib

“ZQAN Holdinq”in İdarə Heyətinin sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Gündəm Xəbər” qəzetinə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. İddia üzrə oktyabrın 5-də saat 11:00-da hakim Sərdar Mehrəliyevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Bu barədə Amerikanın Səsi radiosuna Yasamal Rayon Məhkəməsindən bildirilib.

İddiaya qəzetin 24 avqust sayında dərc olunan “Nazir oğlu ölkənin dəmiryol nəqliyyatını ələ keçirir” başlıqlı məqalə səbəb olub.

“Gündəm Xəbər” qəzetini Yasamal Rayon Məhkəməsi indiyədək iddia barədə məlumatlandırmayıb. “Mənə yalnız sentyabrın 24-də “ZQAN Holdinq”in rəsmi rekviziti olan konvertdə məhkəmənin sənədləri göndərilib. Ən gülməli məhkəmənin “Gündəm Xəbər” qəzetini məhkəməyə çağırış vərəqini “ZQAN Holdinq”in İdarə Heyətinin sədri Anar Məmmədovun etibarnamə üzrə nümayəndəsi Ruslan Məmmədovun imzalamasıdır. Belə görünür ki, Yasamal Rayon Məhkəməsi ya “ZQAN Holdinq”in rəhbərliyi altında işləyir, ya da onun filialıdır. Biz bu məhkəmədən hansı ədalətli qərar gözləyə bilərik”, - “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərli Amerikanın Səsi radiosuna bildirib.

Öz növbəsində, Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin köməkçisi Amerikanın Səsi radiosuna bildirib ki, “Gündəm Xəbər” qəzetinə çağırış göndərilib. Bununla yanaşı, köməkçi çağırışın reyestri barədə məlumat verməyib. “İndi vaxtım yoxdur. Sonra zəng edərsiniz əlavə məlumatlar verərəm. Çağırışı yenidən də göndərə bilərik”, - o bildirib.

Xatırladaq ki, “Gündəm Xəbər” qəzeti bundan öncə də Anar Məmmədovun iddiası üzrə cərimə olunub. Belə ki, sentyabrın 4-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə qəzet 10 min manat cərimə edilib.

Qəzetin cərimələnməsinə Yevlax rayon avtovağzalının müdirinin keçirdiyi mətbuat konfransı barədə bu il fevralın 20-də dərc edilən xəbər səbəb olub.
XS
SM
MD
LG