Accessibility links

“Güney Azərbaycan İran Deyil” plakatı ilə bağlı 6 nəfər həbs edilib


Traktorsazi futbol klubunun prezidenti Məmməd Hüseyn Cəfəri Farda News veb səhifəsi ilə müsahibədə ötən həftə Traktorsazi və Əbu-Dabinin "Əl-Cəzirə" komandaları arasındakı futbol matçı zamanı üzərində ingiliscə “Güney Azərbaycan İran Deyil” sözləri yazılmış böyük plakatı stadiona aparan altı nəfərin təhlükəsizlik məmurları tərəfindən tutulduğunu bildirib.

Həbs edilənlərin kimliyi ilə bağlı məlumat yayılmayıb. Cənab Cəfərinin sözlərinə görə, plakatı stadiona gətirib, əllərində tutanlar sadəcə 6 nəfərdən ibarət olub və onlar da 3-4 dəqiqə sonra təhlükəsizlik məmurları tərəfindən tutulublar. “Bu planlı bir hərəkət idi. Onlar plakatın parçalarını alt geyimi kimi stadiona gətirib orada düymə ilə bir-birinə yapışdırıblar,”- deyə əlavə edib.

“İranın 3 adasına dair iddiası olan Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə matç zamanı “Azərbaycan İran Deyil” şuarını səhnəyə çıxarmaq İranın zərərinədir”- deyə yazan Farda News veb səhifəsi plakatı stadiona aparanları “vətən xaini” adlandırıb.

Fevralın 26-da Asiya Çempionlar Liqası oyunları sırasında Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçında Traxtur azarkeşləri tərəfindən stadiona aparılan böyük plakatın xəbəri Fələstin ərazisində nəşr olan Əl-Quds, Bəhreynin Əl-Vətən və İraqın Əz-Zaman qəzetləri kimi ərəbdilli media və Türkiyənin çoxtirajlı Zaman qəzetində yayılıb.

Qəzetlərin yazdığına görə, Azərbaycanlı azarkeşlər kütləvi şəkildə şüarlar səsləndirərək, türk dilində təhsil haqqını tələb edib və Azərbaycan Respublikası torpaqlarını işğal edən Ermənistan dövlətini dəstəklədiyi üçün İran hökümətinə etirazlarını bildiriblər.

Azərbaycan veb səhifələri 26 fevral günü Təbriz stadionunda ən azı 22 azərbaycanlının nəzarət altına alındığı haqda məlumat yayıblar.

Matçdan öncə tutulanlar mühakimə edilib

Fevralın 24-də, yəni Traxturun Asiya Çempionlar Liqasında ilk matçından iki gün öncə ETTELAAT əməkdaşlarının Təbrizin YanarGünəş çay evlərinə hücumunda nəzarət altına alınan 50-ə yaxın fəalın bir neçəsi məhkəməyə göndərilib.

Öyrənci Səsi veb səhifəsinin yaydığı məlumata istinadən, milli fəallar Əli Sirnak, Əli Xəndan, Məhəmməd Xətibi, Salar Turi və Məhəmməd Əmiri Təbriz məhkəməsinin 19-cu şöbəsində İslam Respublikası əleyhinə təbliğat ittihamı ilə mühakimə edilib, oradan isə Təbriz zindanına göndəriliblər.

Asiya Çempionlar Liqası oyunları başlamazdan öncə Tıraxtur tərəfdarlarının saytları və facebook səhifələri posterlər və elanlar yayıb. Burada “matçlarda Azərbaycan türklərinin milli tələblərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün hazırlıq işləri görülür”- deyə bildirilmişdi.
XS
SM
MD
LG