Şərqi Azərbaycan vilayəti Kəleybər şəhər məhkəməsi bir neçə ay əvvəl ictimai qaydanı pozmaqda günahlandırılan üç türk fəala qarşı 4 ay həbs və 40 şallaq cəzasını qüvvədə saxlayıb.
Murtaza Pərvin, Əkbər Cahangiri və Milad Əkbəri keçən yanvar ayında qiyabi olaraq mühakimə olunduqları üçün işə yenidən baxılmasını tələb etmişdilər.
Hakim Qureyşizadənin imzaladığı hökmdə fəalların etiraz müraciətində onlara bəraət hökmü qazandıracaq heç bir məqamın olmadığı qeyd edilib.
Yeni hökmün surəti Güney Azərbaycan Televiziyasının (Günaz TV) veb səhifəsində nəşr olunub.
Üç milli fəal “adətə zidd və dağıdıcı şüarlar səsləndirərək ictimai qaydanı pozmaq” ittihamı ilə mühakimə olunublar.
Məhkumlara qarşı çıxarılan 4 ay həbs və 40 şallaq cəzasının pul cəriməsi ilə əvəzlənə biləcəyi qeyd edilib.
Yayımlanan məlumata görə, fəallar etiraz müraciətini türk dilində təqdim etdikləri üçün məhkəmə daha əvvəl müraciəti qəbul etməkdən imtina etmişdi.
Murtaza Pərvin, Əkbər Cahangiri və Milad Əkbəri keçən iyun ayında Babək Qalasında keçirilən bir mərasimə qatıldıqları səbəbilə nəzarət altına alınmışdılar.