Accessibility links

Güneyli milli fəal Babək Kiyumərsi 2 il həbs cəzasına məhkum edilib


Babək Kiyumərsi
Babək Kiyumərsi

İranın Şərqi Azərbaycan vilayətində yerləşən Culfa şəhərinin sakini olan milli fəal Babək Kiyumərsi 2 illik həbs cəzasına məhkum edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Oktyabr ayının 4-də Culfa şəhərində Qarabağa dəstək mitinqi ilə əlaqədar həbs edilən milli fəal Babək Kiyumərsi Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən 2 illik həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəal Babək Kiyumərsi hakim Fəth Nejadın verdiyi hökmə əsasən, "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara üzv olmaq" ittihamı ilə günahkar tanınıb.

Babək Kiyumərsi həbs ediləndən sonra 2 aydan çox digər milli fəal Səid Sultani ilə birlikdə Təbrizdə İranın Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlanılmışdı və bu müddətdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb, keçən ilin dekabr ayının 3-də girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

Babək Kiyumərsi daha öncə də apardığı mədəni fəaliyyətlərdən dolayı həbs edilib. O, 2011-ci ilin iyun ayının 6-da Culfa şəhərinin Şuşa bölgəsində yerləşən atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

İkinci Qarabağ Müharibəsi əsnasında İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalıb.

XS
SM
MD
LG