Accessibility links

Gununsesi.info saytının nazirliyə qarşı iddiası üzrə məhkəmə başlayıb


Gununsesi.info saytı

Yanvarın 23-də Bakı İnzibati Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə “Gununsesi.info” saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxış başlayıb.

Baş Prokurorluq 2018-ci ilin iyulunda Gəncə hadisələrindən sonra “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az”, “fia.az”, “gununsesi.info” və “teref.info internet saytlarının internet informasiya ehtiyatına müraciətlərin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi sahəsində müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Bundan sonra digər saytlarla yanaşı gununsesi.info saytına Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.

Pərviz Həşimli
Pərviz Həşimli

“Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli Amerikanın Səsinə bildirib ki, digər saytlara girişin məhdudlaşdırılması barədə məhkəmələr qərar qəbul etsə də “Gununsesi.info” saytı ilə bağlı məhkəmə qərarı yoxdur.

“Buna baxmayaraq sayta giriş məhdudlaşdırlıb. Biz 'Gununsesi'nin 'info' domeninin məlum Gəncə hadisələri zamanı qanunsuz bloklanması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişik. İndiyədək heç bir məhkəmə qərarı olmadan saytımıza ölkə daxilində giriş məhdudlaşdırılıb. 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəsmi məktub yazaraq, sayta hər hansı məhdudiyyətin tətbiq olunmadığını bildirmişdi. Ancaq, bugünkü məhkəmə prosesində yeni nüans ortaya çıxıb. Nazirliyin nümayəndəsi Baş Prokuror Zakir Qaralovun 13 iyul 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə sayta girişin məhdudlaşdırılması üçün yazdığı məktubu üzə çıxarıb. Baxmayaraq ki, nazir müavini bizə cavab məktubunda başqa şey yazmışdı. Biz məhkəmədə sübut etdik ki, hətta belə bir məktub yazılsa belə bu, qanunsuzdur. Qanunvericiliyə görə, saytın bloklanması üçün tələb olunan yazı xəbərdarlıq edildikdən 8 saat müddətində saytdan götürülməzsə, o zaman bu, məhkəmə qaydasında həyata keçirilir. Təsəvvür edin ki, nə xəbədarlıq olub, nə də məhkəməyə hansısa müraciət göndərilməyib.”

Həşimli deyib ki, digər bir ciddi qanunsuzluq “Azertelkom”dan internet alan provayderlərdə “Gununsesi”nin hətta “org” domeninə də məhdudlaşdırmanın tətbiq olunmasıdır.

“Bu da son aylarda müşahidə edilir. “Org” domeni ilə bir ildən artıqdır ki, çalışırdıq. Son zamanlar mobil operatorlarda əngəllənmələr görünür. Nazirliyin nümayəndəsi məhkəmədə “Azertelekom”un onlara hansısa bir aidiyyatı olmadığını iddia edir. Bütün hallarda internet məsələsinə məsul qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Onlar idda edir ki, “org” domeninə hər hansı bloklanma tətbiq olunmayıb. Amma bizə İsveçdə faəliyyət gösətərən “Qurium” Beynəlxalq Media Fondu texniki xidmət göstərir və dəlillərlə isbat edir ki, bu yaxınlarda “org” domeni üçün də bloklanma olub,” baş redaktor qeyd edib.

Bugünkü məhkəmədə “Gununsesi”i “org” domeninə məhdudiyyətin tətbiq edilməsinin səbəblərinin araşdırılması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və araşdırılması üçün qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qanunvericiliyə görə, saytın bloklanması üçün tələb olunan yazı xəbərdarlıq edildikdən 8 saat müddətində saytdan götürülməzsə, o zaman bu, məhkəmə qaydasında həyata keçirilir. Təsəvvür edin ki, nə xəbədarlıq olub, nə də məhkəməyə hansısa müraciət göndərilməyib.
Pərviz Həşimli, baş redaktor

“AzerTelecom” MMC Azərbaycanda telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə, beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında işləmək məqsədilə təsis edilmişdir. Şirkətin şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Şirkət səsli rabitə, internet, VPN (virtual şəxsi şəbəkə), VoIP (İP şəbəkəsi üzrə səsin ötürülməsi) və mövcud ümumi istifadəli telefon şəbəkəsi xətlərinin inteqrasiyası daxil olmaqla, müxtəlif sabit xidmətləri əhatə edən lisenziyalara malikdir.

Baş Prolurorluğun məlumatına görə, 2018-ci il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Baş prokuror və rabitə nazirnin məktubları
Baş prokuror və rabitə nazirnin məktubları

Bir sıra saytalrın redaktorları bu cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

Öz növbəsində Azərbaycan hökuməti ölkədə internet azadlığının tam təmin edildiyini, insanların sözlərinə, fikirlərinə, siyasi yönümünə görə təqib olunmadığını bildirir. Rəsmi Bakı internet azadlığı, söz azadlığı ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG