Accessibility links

Gürcüstan lideri Vaşinqtonda inqilablar haqda danışdı


Qızılgül İnqilabının lideri Mixeil Saakaşvili inqilabla demokratik idarəçilik arasındakı fərqlərdən danışıb
Qızılgül İnqilabının lideri Mixeil Saakaşvili inqilabla demokratik idarəçilik arasındakı fərqlərdən danışıb

Ölkəsinin çətin geosiyasi məkanda, avtoritar ölkələrin əhatəsində yerləşdiyini qeyd edən cənab Saakaşvili öz hökumətinin həyata keçirdiyi bir sıra dəyərli islahatları vurğuladı. Onun sözlərinə görə bu islahatlara güc verən amil onun rəhbərlik tərəfindən yuxarıdan həyata keçirilməsi yox, xalqın fəal şəkildə cəmiyyətdəki proseslərə qoulması idi.

Martın 17-də Vaşinqtonda yerləşən Brookings İnstitutunda Gürcüstan prezidenti Mixeil Saakaşvili ölkəsinin son illərdə əldə etdiyi nailiyyətlər və üzləşdiyi sınaqlar barədə nitq söylədi. “Populyar İnqilablardan Effektiv İslahatlara Doğru: Gürcüstan Təcrübəsi” başlıqlı forumda cənab Saakaşvili ərəb dünyasında yaşanan inqilabları gürcü xalqının təcrübəsi ilə müqayisə etdi. Qərbyönümlü lider nitqində demokratiya dalğasının güclənməsindən ruhlandığını bildirdi, azadlıq və demokratiya ideyalarının ABŞ xarici siyasətində aparıcı rol oynamasının vacibliyini vurğuladı. Eyni zamanda o, inqilabla demokratik idarəçilik arasında fərqlərin mövcud olduğunu önə çəkərək diktatorun devrilməsindən sonra işlək demokratiya qurulması yönümündə Gürcüstanın qət etdyi yola nəzər saldı.

Misir və Tunisdə baş verənlərin ona tanış gəldiyini deyən cənab Saakaşvili iniqlab baş verən ölkələrdə adətən büroktarik süründürməçiliyin baş alıb getdiyini, korrupsiya və qanunsuzluğun geniş yayıldığını söylədi “Heç kim 1989-cu ildə Şərqi və Mərkəzi Avropada baş qaldıran inilabları proqnozlaşdırmadı və ya planalaşdırmamışdı. Eləcə də 15 il sonra bir qədər şərqdə baş verən rəngli inqilabları. İndi də Yaxın Şərqdə qəfil inqilab dalğası siyasətçilər və ekspertləri heyrətə gətirib,” deyə Gürcüstan prezidenti bildirdi. Cənab Saakaşvilinin sözlərinə görə Qızılgül İnqilabı qələbə çalmazdan öncə Sovet dönəmindən miras qalmış idarəçilik metodları və bürokratiya gürcü cəmiyyətini sındırmış və ölkə insanlarının həyatını bərbad hala salmışdı. Lakin bu amillərin doğurduğu dərin sosial narazılığı sezmək xarici müşahidəçilər, habelə cəmiyyətdən təcrid olunmuş siyasi rəhbərlik üçün çətin idi.

Kiçik tarixi demokratiya təcrübəsi olan Gürcüstanda Saakaşvili və onun gənc komandası hər şeyə sıfırdan başlamağa məcbur oldular. Bu, bir tərəfdən çətin idi, o biri tərəfdən yeni cəmiyyət qurmaq imkanı dəyərli fürsət idi. “Biz nə edə bilərdik? Sadəcə köhnə nəsli vəzləyib əvvəlki praktikanı təkrar edəcəydik? Yaxud biz vədlərimizə sadiq qalaraq küçələrə çıxmış minlərlə insanın arzusunu həyata keçirəcəydik? Biz dərhal hərtərəfli islahatl proqramı həyata keçirməyə başladıq. Təcrübədəki çatışmazlıqların əvəzində bizdə ruh yüksəkliyi və inam var idi,” deyə o, söylədi. Gürcüstanı əsl ilk post-Sovet ölkəsi adlandıran cənab Saakaşvilinin sözlərinə görə onun hökumətində ən yaşlısı özüdür. Bu isə o deməkdir ki, yaşı 20 və 30-larda olan nazir və millət vəkillərinin çoxu Sovet dönəmini az qala xatırlamır, və ən azı Sovet idarəçilik üsullarından xeyli uzaqdırlar.

Ölkəsinin çətin geosiyasi məkanda, avtoritar ölkələrin əhatəsində yerləşdiyini qeyd edən cənab Saakaşvili öz hökumətinin həyata keçirdiyi bir sıra dəyərli islahatları vurğuladı. Bu islahatları gücləndirən amil onun rəhbərlik tərəfindən yuxarıdan həyata keçirilməsi yox, xalqın fəal şəkildə cəmiyyətdəki proseslərə qoulması idi. “Bizim ilk götürdüyümüz ölçü Dövlət Yol Polisinin büsbütün ləğvi və polis qüvvələrində, gömrük və vergi idarələrində kütləvi ixtisarlar idi. Bu qərardan sonra küçələrdən az qala polisin yığışdığı halda cinayət azaldı. Niyə görə? Təkcə ona görə yox ki, cinayət törədənlərin çoxu elə polislər özləri idi, həm də ona görə ki, insanlar öz gələcəklərini özləri müəyyən etməyə başlamışdılar və bu qürür hissi onları prosesdən kənarda qalmamağa, cəmiyyətin fəal işitrakçısı olmağa sövq edirdi.”

İslahatların ardınca Gürcüstanda korrupsiyanın səviyyəsi kəskin şəkildə azaldı, xalqın hökumətə etimadı artdı və ölkədə investisiya mühiti xeyli yaxşılaşdı. Qeyri sabit və qanunsuzluğöun hökm sürdüyü geosiyasi mühitdə məqsəd Gürcüstanı bizneslər üçün iqtisadi sığınacağa döndərmək idi. Siyasi baxışlarında Amerikaya nümunə kimi baxdığına eyham vuran Gürcüstan lideri idarəçilik fəlsəfəsinin üç əsas prinsipə söykəndiyini bildirdi ki, bunlar hökumətin cəmiyyətə müdaxiləsini minimuma endirmək, vergiləri azaltmaq və korrupsiyaya qarşı aqressiv mübarizə aparmaqdır.

Misir və Tunis inqilablarının uğur şanslarını nəzərdən keçirən cənab Saakaşvili əlavə etdi ki, bu ölkələrdə əhalinin sayının çoxluğu islahatların qətiyyətlə həyata keçirilməsinə şərait yarada bilər. Cəmi beş milyon əhalisi olan Gürcüstandan fərqli olaraq ağrılı islahatların həyata keçirilməsi hökmən insanları öz yaxın dost və qohumları ilə üz-üzə qoymayacaq. Cənab Saakaşvilinin sözlərinə görə bu növ ölkələrdə köhnə düşüncəli elitaları yenisi ilə əvəzləmək nisbətən asan olur. Lakin bütün hallarda inqilab etmiş xalqın arzusunu reallığa çevirmək güclü iradə, qətiyyət və demokratik prinsiplərə dönməz sədaqət tələb edir.

XS
SM
MD
LG